Rusiya Ukraynanın baş nazirinə və bir neçə naziri sanksiya siyahısına daxil edib
Rusiya Ukraynanın Baş naziri Yuliya Sviridenko və bir neçə nazirə qarşı sanksiyalar tətbiq edib. Moskva bu addımı Ukrayna rəhbərliyinin “düşmən hərəkətlərinə cavab” kimi əsaslandırıb. Sanksiyalar siyahısındakı şəxslərin Rusiya ərazisinə girişinə qadağa qoyulub, onların aktivləri dondurulub.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında qeyd edib ki, Rusiya hökumətinin Ukraynanın Baş naziri Yuliya Sviridenko və bir neçə naziri sanksiya siyahısına daxil etməsi iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib:
“Moskva bu addımı Ukrayna rəhbərliyinin “düşmən hərəkətlərinə cavab” kimi əsaslandırsa da, bu qərarın hüquqi əsasları beynəlxalq səviyyədə mübahisəlidir. Çünki sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı olmadan, birtərəfli şəkildə tətbiq edilib və bu, beynəlxalq hüququn prinsipləri ilə tam uzlaşmır. Yuliya Sviridenko və digər sanksiyaya məruz qalan nazirlər bu addımı siyasi təzyiq kimi qiymətləndirərək bildiriblər ki, Kreml bu yolla Ukraynanın daxili və xarici siyasətinə təsir göstərmək niyyətindədir. Onların fikrincə, Rusiya bu cür qərarlarla öz təcridini dərinləşdirir və beynəlxalq aləmdəki imicinə daha çox zərər vurur. Bu sanksiyalar Rusiya–Ukrayna münasibətlərində yeni bir gərginlik mərhələsini formalaşdıra bilər. Moskvanın qərarı həm simvolik, həm də psixoloji təzyiq vasitəsi kimi qiymətləndirilib. Ukrayna tərəfi bu addımı siyasi jest hesab edir və real təsir mexanizminin məhdud olduğunu düşünür. Lakin belə addımlar tərəflər arasında diplomatik əlaqələrin tamamilə iflasa uğraması və danışıqlar perspektivinin daha da uzaqlaşması riskini artırır”.
Mələk Hüseynova