Saakaşvilinin Moskva iddiası – Gürcüstan-Rusiya münasibətlərində risklər
Mixeil Saakaşvili Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin yaxın vaxtlarda Moskvada kapitulyasiya sazişi imzalayacağını iddia edib. Keçmiş prezidentin bu açıqlaması Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətləri və ölkənin xarici siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekspert politoloq Taleh Əliyev bildirirki, nəzərə almaq lazımdır ki, Saakaşvili indiki hakimiyyətin ən qatı əleyhdarı və bu gün də onun dəstəkçiləri Gürcüstanda əsas aparıcı müxalifət funksiyasını yerinə yetirən siyasi qüvvələrdən biridir.
Politoloqun sözlərinə görə, bu baxımdan Saakaşvilinin verdiyi açıqlamaların siyasi və antihakimiyyət məzmununun olmasını nəzərə almaq lazımdır. Xüsusilə də Saakaşvilinin iddia etdiyi məsələlərlə bağlı bu gün geniş ictimai məlumatın olmadığını nəzərə almaq vacibdir.
"Mövcud faktlara görə bu məlumatların nə dərəcədə mötəbər olduğu və yaxın gələcəkdə Saakaşvilinin iddia etdiyi kimi Gürcüstan hakimiyyətinin Moskva ilə hansısa saziş imzalayıb-imzalamayacağı barədə birmənalı fikir söyləmək mümkün deyil”.
Taleh Əliyev hesab edir ki, Saakaşvilinin iddialarını onun siyasi mövqeyindən asılı olmayaraq ciddi qəbul etsək, hadisələrin bu cür inkişafı Gürcüstan üçün heç də yaxşı nəticələr verməyə bilər.
"Xüsusilə bu hakimiyyətin Rusiyaya yaxın olması və hakimiyyətin dönəmində Gürcüstan-Avropa İttifaqı münasibətlərinin gərginləşməsi ölkənin getdikcə daha çox Rusiyadan asılı vəziyyətə düşməsi risklərini artıra bilər".
Ekspertin fikrincə, əgər bu məlumatlar digər mənbələrdən, xüsusilə də açıq ictimai mənbələrdən təsdiqlənərsə, hadisələrin daha ciddi təhlükə yarada biləcəyi ilə bağlı Gürcüstan cəmiyyətinin müəyyən səviyyədə reaksiyalarının şahidi olmaq mümkündür.
Süsən Mərdalıqızı