Şimali Avropa dillərində niyə “zəhmət olmasa” sözü yoxdur?
Nəzakətli və hörmətli səyahətçi olmaq heç vaxt indiki qədər vacib olmayıb. Bəs “zəhmət olmasa” sözünün qarşılığı olmayan bir dildə nəzakətlə necə müraciət etmək olar?
Kopenhagendəki bir çörək mağazasındayam. Şəkər tozu səpilmiş limonlu tort dilimləri, zərif şəkildə hörülmüş hil çörəkləri və qızılı-qəhvəyi rəngdə bişmiş darçınlı bulkalardan almaq üçün növbədə dayanıram. Növbə mənə çatanda sifarişimi sadə Danimarka dilində verməyə hazıram. Ancaq bir problemlə qarşılaşıram: bu ölkədə ingilis dilindəki “please” sözünün tam qarşılığı olan vahid bir söz yoxdur.
Bir çox insan kimi, mən də səyahət edərkən salamlaşmaq, sağollaşmaq, “bəli”, “xeyr”, “zəhmət olmasa” və “təşəkkür edirəm” kimi əsas ifadələri öyrənirəm. Lakin Danimarka, İsveç, Norveç, İslandiya və Finlandiya dillərində bunu etmək mümkün deyil. Çünki bu dillərin heç birində ingilis dilindəki “please” sözü ilə eyni funksiyanı daşıyan, bütün hallarda istifadə edilə bilən vahid bir söz yoxdur.
Bəs bunun səbəbi nədir? Şimali Avropa ölkələrinin sakinləri sadəcə daha birbaşa danışmağa üstünlük verirlər, yoxsa nəzakət kənardan gələnlərin dərhal fərqinə varmadığı üsullarla ifadə olunur? Səyahətçilər üçün bu fərqi anlamaq gündəlik ünsiyyəti xeyli asanlaşdıra bilər.
Norveç Yazılı Mədəniyyət Mərkəzində (Nynorsk Kultursentrum) tədqiqatçı kimi çalışan dilçi alim doktor Ceyms Puçovskinin sözlərinə görə, ilk növbədə anlamaq lazımdır ki, “please” sözünün birbaşa tərcüməsini axtarmaq düzgün yanaşma olmaya bilər.
“Burada səmərəliliyə dəyər verilir və ünsiyyət, ümumiyyətlə, birbaşa xarakter daşıyır”, -Daniela Hummelgren bildirir.
Məsələn, danimarkalılar çörək mağazasında şirniyyat sifariş edərkən nəzakətlərini ifadə etmək üçün må jeg bede om - “… istəyə bilərəmmi?” ifadəsindən istifadə edə bilərlər.
İsveçdə danışan şəxs xahişinə "tack" (“təşəkkür edirəm”) sözünü əlavə edə bilər. Norveçdə isə nəzakət xahişin sonunda səs tonunun yüksəldilməsi və təbəssümlə ifadə oluna bilər.
Danimarka dili müəllimi Daniela Hummelgren bildirir ki, birbaşa danışmaq bu ölkənin ünsiyyət tərzinin bir hissəsidir.
“Burada səmərəliliyə dəyər verilir və ünsiyyət, ümumiyyətlə, birbaşa xarakter daşıyır”, - deyə o qeyd edir.
Onun sözlərinə görə, həddindən artıq nəzakətli davranmaq, əgər bu, prosesi ləngidirsə, qarşı tərəfdə narazılıq yarada bilər.
Bəs onlar kobudluq edirlər?
Puçovski bu fərqləri cəmiyyətin quruluşunun əksi kimi qiymətləndirir. Onun izahına görə, Şimali Avropa ölkələrində bərabərlik prinsipinə böyük əhəmiyyət verilir və gündəlik danışıqda insanlar arasındakı fərqlər daha az vurğulanır.
Məsələn, Herr və Frue (“cənab” və “xanım”) kimi daha rəsmi müraciət formaları gündəlik istifadədən, əsasən, çıxıb. Bu, həmin cəmiyyətlərin özlərini daha bərabərhüquqlu hesab etməsi və insanlar arasındakı münasibətlərin sinfi fərqlərlə daha az müəyyənləşməsi ilə əlaqələndirilir.
Bu bərabərlik meyli çox vaxt “Yantenin qanunu” (Jante’s Law) ilə əlaqələndirilir. Bu, Skandinaviya ölkələrində yayılmış, heç kimin özünü başqalarından daha xüsusi və ya daha vacib hesab etməməli olduğunu bildirən sosial anlayışdır.
Puçovskinin sözlərinə görə, bu yanaşma gündəlik ünsiyyətdə sosial mövqeyi vurğulamağa daha az ehtiyac duyulması ilə nəticələnə bilər. Buna görə də nəzakət “zəhmət olmasa” kimi ehtiram bildirən sözlərdən daha çox, ifadə tərzi, səs tonu və kontekst vasitəsilə çatdırılır.
Oxşar sosial normalar Finlandiyada da müşahidə olunur. Halbuki fin dili Danimarka, İsveç, İslandiya və Norveç dillərindən fərqli dil ailəsinə aiddir.
“Dil sözlərdən daha geniş anlayışdır. O, həm də fikri necə təqdim etməyimizlə bağlıdır”, - Puçovski bildirib.
“Zəhmət olmasa” demədən də nəzakətli olmaq mümkündür
Hummelgren hesab edir ki, ölkəyə gələn qonaqlar ətraflarındakı insanların davranışlarını müşahidə etməli və onlardan nümunə götürməlidirlər.
“Olduğunuz mühitdəki nəzakət səviyyəsinə uyğunlaşmalısınız. Hansı davranışın nəzakətli, hansının isə nəzakətsiz hesab edildiyini anlamaq üçün ətrafınızdakı vəziyyətləri müşahidə edin”, - deyə o bildirib.
Hətta yerli dili bilməyən səyahətçilər də insanların səs tonuna, bədən dilinə, xidmət sahəsində çalışanlarla və yad insanlarla necə ünsiyyət qurduqlarına diqqət yetirə bilərlər.
İsveçdə sadə üsullardan biri xahişə tack - “təşəkkür edirəm” sözünü əlavə etməkdir. İsveç dilində tack sözünün istifadəsi ilə bağlı araşdırmalar göstərir ki, bu ifadə qarşı tərəfə tabeçilik və ya ehtiram nümayiş etdirməkdən daha çox, bərabərlik və qarşılıqlılıq anlayışları ilə əlaqəlidir.
Oxşar sözlər regionun digər dillərində də işlədilir: Danimarka dilində tak, Norveç və İslandiya dillərində takk, Finlandiya dilində isə təşəkkür etmək üçün kiitos deyilir.
Bununla belə, səyahətçilərin səhv etməkdən həddindən artıq narahat olmasına ehtiyac yoxdur. Qəhvə sifariş edərkən tak deməyi unutsanız, heç kim narazılığını bildirməyəcək və ya sizə qaşqabaqla baxmayacaq.
Əslində, Hummelgren bildirir ki, həddindən artıq nəzakətli davranmaq özü də qeyri-adi görünə, hətta şübhə doğura bilər.
“Məsələn, iş müsahibəsindən sonra kiminsə kağız üzərində təşəkkür məktubu göndərdiyini heç vaxt eşitməmişəm. Bu, bir qədər ifrat görünərdi və hətta həmin şəxsin qarşılığında hansısa yaxşılıq gözlədiyi təəssüratını yarada bilərdi”, - deyə o bildirib.
Səyahətçilər üçün əsas nəticə budur: nəzakət hər zaman eyni sözlərdən və davranış qaydalarından asılı deyil. “Zəhmət olmasa” ifadəsini eşitməyə bilərsiniz, lakin bu, həmin cəmiyyətlərdə nəzakətin olmadığı demək deyil.
Ada Hacızadə