Siyasi gərginlik pikdə
Rusiya Prezidenti Vladimir Putin həmkarı Nikolas Maduro ilə telefonla danışıb, Venesuela xalqına dəstəyini bildirib.
Bu barədə politoloq Sergey Markov bildirib ki, Putin-Maduro danışığı Trampın Maduro hakimiyyətinin bitdiyini deməsindən və Venesuela neft tankerinin ələ keçirilməsi göstərişindən iki gün sonra baş verib. Markovun sözlərinə görə, bu, Putin və Tramp arasında birbaşa qarşıdurma sayıla da bilər, sayılmaya da. O ehtimal edir ki, tərəflər ya müharibə riskini azaltmaq üçün danışıblar, ya da Rusiya Venesuelaya S-400 sistemi tədarükünü müzakirə edib.
Mövzu ilə əlaqədar Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlama edib:
“Putin zaman-zaman Venesuela liderinin hakimiyyətdə qalmasına şərait yaradan və onu qoruyan yeganə dünya liderlərindən biri kimi tanınır. Bu gün də hesab edirəm ki, Putin, Bəşər Əsəd nümunəsindən sonra ona yaxın müttəfiqlərdən birinin hakimiyyətdən uzaqlaşdırılmasına rahatlıqla göz yummayacaq. Bəşər Əsəd hakimiyyətdən getdiyi vaxt Rusiya Ukrayna savaşının ən gərgin mərhələsində idi və Putinin bütün diqqəti həmin müharibəni Rusiyanın xeyrinə çevirməyə yönəlmişdi. Bunun fonunda onun Suriya proseslərinə əvvəlki qədər fokuslanmaması mümkündür və bu da Əsədin getməsinin səbəblərindən biri ola bilər. Amma indi situasiya tam fərqlidir. Çünki Ukrayna savaşı fonunda Rusiya və ABŞ arasında müəyyən yaxınlaşma müşahidə olunur. Prezident Tramp Ukrayna münaqişəsi ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub və 28 maddəlik sülh planını dünya ictimaiyyətinə təqdim edib. Doğrudur, bu plan Ukrayna hökuməti və əksər ölkələr tərəfindən qəbul olunmur, amma istər-istəməz həm Rusiya, həm də Ukrayna üçün müəyyən dərəcədə faydalı görünür. Hər iki tərəfdən verilən açıqlamalar da Rusiya–ABŞ yaxınlaşmasının artdığını göstərir. Belə bir şəraitdə hər iki ölkənin bir dövlət uğrunda birbaşa gərginlik və ya münaqişəyə girməsi real görünmür. Buna görə də mən ilk günlərdən qeyd edirdim ki, Maduro indiki mərhələdə hakimiyyətdən uzaqlaşdırılmayacaq. Bu gün də eyni fikirdəyəm: Maduro yaxın bir neçə il ərzində də hakimiyyətdə qalacaq”.
C. Abbaslı qeyd edib ki, sənaye və təbii sərvətlər baxımından Venesuela elə zəngin ölkədir ki, ABŞ bu sərvətlərdən yararlanmaqda maraqlıdır:
“İndiyə qədər ABŞ-nin müxtəlif adlar altında müxtəlif ölkələrə müdaxiləsinin əsas səbəblərindən biri məhz təbii sərvətlərə nəzarət olub. Əfqanıstan və İraq nümunələri hələ də unudulmayıb. Lakin Venesuela nə Əfqanistan, nə də İraqdır və xüsusilə Trampın hakimiyyəti dövründə hərbi müdaxilə ehtimalı son dərəcə aşağıdır. Tramp müharibəni sevməyən liderdir və 2028-ci ilin sonlarına qədər Venesuelaya müdaxilə olacağını proqnozlaşdırmıram.
Əgər Tramp seçkiləri yenidən udarsa, düşünürəm ki, Maduronun hakimiyyət ömrü daha dörd il uzanacaq. Əksinə, demokratlar hakimiyyətə gələrsə, vəziyyət dəyişə bilər, lakin üç il sonrakı dövr üçün indidən konkret danışmaq tezdir. Rusiyanın Venesuelaya siyasi dəstəyi ABŞ-nin regiondakı təsirini müəyyən qədər məhdudlaşdırır. Keçmişdə Venezuela daxilində baş verən gərginliklər zamanı Maduro hökuməti inqilab təhlükəsi ilə üzləşmişdi, lakin gərgin mübarizədən sonra hakimiyyəti qorumağı bacardı və bu, Rusiyanın ABŞ üzərində qazandığı geosiyasi uğurlardan biri kimi təqdim olunub. Hazırda isə belə bir gərginliyin yaranacağını düşünmürəm. Rusiya Venesuela üzərində ciddi təsir gücünə malikdir və Putin üçün Maduro ona ən yaxın dünya liderlərindən biridir. Bu səbəblə Rusiyanın Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına razılıq verməsi real deyil.
Bəs niyə Bəşər Əsəd məsələsində fərqli davranıldıb?
Bunun səbəblərindən birini artıq qeyd etdim. Digər mühüm amil isə Türkiyə ilə münasibətlərdir. Son illərdə Rusiya və Türkiyə arasında ciddi yaxınlaşma yaranıb. Hər iki ölkə bir-birinə iqtisadi və regional əməkdaşlıq baxımından böyük ehtiyac duyur. Bu fonda Putin müəyyən proseslərə göz yumdu və Suriyada Türkiyəyə yaxın keçid hökumətinin qurulmasına müəyyən mənada razılıq verdi. Amma Venesuela məsələsində vəziyyət tam başqadır”.
Müsahibimiz Rusiya–ABŞ rəqabətinin artmasının Azərbaycanın enerji və təhlükəsizlik siyasətinə də təsiri ilə bağlı qeyd edib:
“Təbii ki, müəyyən təsirləri mümkündür. Azərbaycan elə bir regionda yerləşir ki, bu bölgədə əsas güclərdən biri Rusiyadır. Rusiya ilə ABŞ arasında hər hansı rəqabət yaranarsa, bu, region ölkələrinin enerji və təhlükəsizlik siyasətlərinə dolayısı ilə təsir göstərə bilər. Lakin Azərbaycan belə situasiyalardan çıxmaqda ustadır. Xarici siyasətimiz hər zaman balanslı olub və bu balans həm ABŞ, həm Rusiya, həm də digər güc mərkəzləri tərəfindən qəbul edilir. Eyni vəziyyət yenidən yaransa, Azərbaycan bu situasiyanı məharətlə idarə etməyi bacaracaq”.

Ləman Mahmudlu
