Sosial Media Uşaq Psixologiyasını Necə Zədələyir? – Mütəxəssis Rəyi
Müasir dövrdə sosial media platformaları uşaqların böyümə prosesinin ayrılmaz hissəsinə çevrilib. Lakin uşaqların hər anının kameraya çəkilərək minlərlə insanla paylaşılması, onların şəxsi sərhədlərindən tutmuş özünüqavrayışına qədər bir çox psixoloji məqamlarda ciddi suallar doğurur. Virtual aləmdə “bəyənilmək” arzusu uşağın real mənliyini necə zədələyir?
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a xüsusi açıqlama verib. Mütəxəssis bildirib ki, virtual aləmdə daim “şirin və bəyənilən” obraz yaratmağa çalışan uşaqlar zamanla özlərini başqalarının gözləntilərinə uyğun formalaşdırmağa başlayırlar:
“Virtual aləmdə yaradılan obraz uşaqda zamanla başqalarının onu necə bəyəndiyinə dair bir model yaradır. Uşaq görür ki, sosial mediada şirin və mehriban olduğu zaman daha çox rəğbət qazanır. Nəticədə o, bəyənilən tipi mənimsəyir və öz əsl mənliyini, təbii xüsusiyyətlərini istər-istəməz gizlətməyə başlayır. Bu proses xarici təsdiq üzərindən qurulduğu üçün uşaqlar real həyatda da eyni reaksiyanı - "mən yaxşı olacağam, hamı da mənimlə yaxşı olacaq" yanaşmasını gözləyirlər. Lakin real həyat sosial şəbəkələrdən fərqlidir və bu uyğunsuzluq uşağın xarakterinin formalaşmasına mənfi təsir göstərə bilər".
Nabat Mirzəyeva qeyd edib ki, uşağın hər anının ictimailəşdirilməsi onun şəxsi sərhəd hissini zəiflədir. Daim kameranın və paylaşımların mərkəzində olmaq uşaqda həyatı sadəcə “göstərmək üçün yaşamaq” qavrayışını yaradır:
“İnsanın, xüsusilə də uşağın özünəməxsus gizli və şəxsi dünyası olmalıdır. Əgər hər an paylaşılırsa, uşaqda "mən bunu edirəmsə, mütləq göstərməliyəm" düşüncəsi kök salır. Bu isə özünə aid gizli məkan və məxfilik hissinin itirilməsinə gətirib çıxarır. Valideynlər unutmamalıdırlar ki, uşaq bir paylaşım obyekti deyil. Paylaşılan görüntülərə gələn mənfi rəylər və ya tənqidlər uşağın özünə qapanmasına, özünü "bəyənilməyən" və "alçaldılmış" biri kimi hiss etməsinə səbəb ola bilər".
Valideynlərin üzərinə düşən məsuliyyətə toxunan psixoloq rəqəmsal məxfilik və şərtsiz sevgi amilinin vacibliyini vurğulayıb. Psixoloqun sözlərinə görə, uşaq rəqəmsal dünya ilə gerçək həyat arasındakı fərqi aydın şəkildə dərk etməlidir:
“Biz valideyn olaraq övladımıza izah etməliyik ki, sosial şəbəkə sadəcə bir iş və ya paylaşımdır, onun həqiqi həyatı deyil. Uşağa "şirin olduğun üçün deyil, sadəcə sən olduğun üçün səni sevirik" mesajı verilməli, şərtsiz qəbul hissi aşılanmalıdır. Bu yanaşma uşağın daxili özgüvənini artırır və xarici təsdiqdən asılılığını azaldır. Uşaqlar böyüdükcə onların icazəsi olmadan paylaşılmış görüntülər gələcəkdə ciddi narahatlıq yarada bilər. Buna görə də valideynlər uşaqların rəqəmsal məxfiliyinə həssas yanaşmalıdırlar".
Uşağın sağlam psixoloji inkişafı üçün onun real həyatda özünü sərbəst ifadə edə bilməsi və şəxsi sərhədlərinin qorunması mütləqdir. Uşaq öz daxili dünyası və fərdiliyi olan bir şəxsiyyət kimi böyüməli, virtual aləmin alətinə çevrilməməlidir.
Lalə Əhməd