Sosial şəbəkələr gənclərin həyatını necə dəyişib?
Sosial şəbəkələr gənclərin gündəlik həyatının mühüm hissəsinə çevrilib. Bu platformalar ünsiyyət, informasiya və özünüifadə imkanlarını genişləndirsə də, sosial müqayisə, həddindən artıq istifadə və real ünsiyyətin azalması kimi məsələləri də gündəmə gətirir.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, Sosial şəbəkədə kütlənin çox olması o demək deyil ki, həmin insan çox sosial bir insandır:
“Sosial şəbəkələrin gənclərin həyatına bir çox təsirləri var ki, burada ünsiyyət formasına təsir edir və bunu dəyişir. Çünki bu gün insanların sosial çevrəsi təkcə canlı olaraq ünsiyyətdə olduqları insanlar değil, həm də sosial şəbəkədə olan bir çox insanlarla ünsiyyəti və dünyanın müxtəlif yerlərindəki insanlarla ünsiyyət qurması, məlumat əldə edib özünü ifadə edə bilməsidir. Ona görə sosial şəbəkə gənclərin ünsiyyət formasını dəyişdirərək böyük təsir göstərir. Müsbət tərəfləri budur ki, gənclər sosial şəbəkələrdən informasiya əldə edirlər, təhsillərini inkişaf etdirmək üçün məlumatlar toplayırlar, yeni əlaqələr və özünüifadə imkanları qazanırlar. Bu da onların həyatına böyük təsir göstərir. Ancaq problem burada o zaman başlayır ki, virtual münasibətlər real münasibətlərin yerini tutur. Real münasibətlər geri qalır, virtual münasibətlər daha çox artır. İnsan yüzlərlə izləyiciyə sahib ola bilsə də, özünü burada çox tənha da hiss edə bilər. gənclərə sosial medianı tamamilə qadağan etməkdənsə, rəqəmsal bir şüur formalaşdırmaq lazımdır. Sosial şəbəkədə kütlənin çox olması o demək deyil ki, həmin insan çox sosial bir insandır. Çünki izləyici sayı ilə emosional yaxınlıq eyni şey deyil. Burada təhlükəli olan budur ki, gənclər üçün bəyənmə sayı, baxış sayı və mesajlar bir dəyər ölçüsü, ünsiyyət üslubu kimi qiymətləndirilir. Sosial müqayisə burada işə düşür. Davamlı olaraq başqalarının həyatını izləmək gəncin özünə verdiyi qiymətə təsir edərək bir müqayisə yaradır. Başqalarının həyatı ilə öz həyatını müqayisə etmək insan üçün təbii bir haldır, amma sosial media bu müqayisəni çox gücləndirir. Biz hər zaman sosial mediada çox vaxt mükəmməl və ideal həyatlar görürük. Gənc öz həyatının bütün tərəflərini, uğurlarını, problemlərini, uğursuzluqlarını, əldə edib-etmədiklərini bilir. Ancaq sosial şəbəkədə göstərilənlərin həyatında baş verənləri görmür, yalnız seçilmiş, süzgəcdən keçirilmiş və ən güzel anları görə bilir. Nəticədə yanlış bir düşüncə yarana bilər ki, hamının həyatı idealdır, möhtəşəmdir, yalnız mənim həyatım geridə qalıb və yaxşı deyil. Bu düşüncə gəncdə özünə inamın azalmasına, narazılığa gətirib çıxara bilər, gərginlik yaradar və getdikcə özünəqapanmalara, depressiv hissələrə gətirib çıxarar”.
Həmçinin psixoloq qeyd edib ki, gənclərə sosial medianı tamamilə qadağan etməkdənsə, rəqəmsal bir şüur formalaşdırmaq lazımdır:
“Gənclər orada öz həyatlarını başqalarının vitrin olaraq sərgilənən həyatı ilə müqayisə etməyə başlayırlar. Sosial şəbəkələrdə uğur, hədəfə çatmaq çox mükəmməl bir şəkildə göstərilir. Sosial şəbəkələrdə uğurlar çox vaxt sürətli və parlaq şəkildə təqdim olunur. Tez pul qazanmaq, ideal görünüş, bahalı həyat tərzi, xoşbəxt münasibətlər, səyahətlər, uğurlu karyera olsun, insanların həyatı izləyənlərə mükəmməl şəkildə ötürülür. Bunu izləyən gənclər davamlı gördükdə beynində normal həyatın bu cür olduğunu düşünür. Mənim həyatımda bir anormalıq, natamamlıq var, onların həyatı isə doğrusudur düşüncəsi yaranmağa başlayır. Ən təhlükəli tərəfi budur ki, real həyatın təbii hissələrini unutmağa başlayırıq. Uğursuzluqlar, gözləmək, maddi çətinliklər, ayrılıqlar, yorğunluqlar, mübarizələr, səhv etmək sosial mediada görünmür, bunlar görünməyən tərəflərdir. Bu da gəncdə hövsələsizlik, səbirsizlik və nəticəni dərhal əldə etmək istəyini yarada bilir. Ən vacib psixoloji məqam budur ki, sosial media gənclərə başqalarının necə yaşaması ilə yanaşı, necə yaşamalıyam sualını da diktə etməyə başlayır. Ona görə gənclərə sosial medianı tamamilə qadağan etməkdənsə, rəqəmsal bir şüur formalaşdırmaq lazımdır. Biz gənclərə bildirməliyik ki, ekranda gördükləri həyat reallığın özü deyil, reallığın seçilmiş bir hissəsidir. Biz sadəcə paylaşan insanlar tərəfindən təbliğ olunan bir hissəni görürük. Sosial şəbəkələr həyatımıza çoxlu insanlar gətirir, amma bize öz həyatımızı başqalarının həyatı ilə qiymətləndirməyi də öyrədir.
Biz artıq öz həyatımıza dəyər verməyi, özümüzə yanaşmağı, hər hansı bir vəziyyətdə nə edəcəyimizi öyrəndik. Əsas məsələ sosial mediadan uzaqlaşmaq değil, onun bizə olan qiymətimizi, dəyərimizi, özümüzə olan hörmətimizi idarə etməsinə imkan verməməkdir”.
Samirə Allahverdizadə