Suçiçəyi xəstəliyi son vaxtlar artır- Ekspertdən AÇIQLAMA
Son vaxtlar ölkədə suçiçəyi xəstəliyi həm uşaqlar, həm də böyüklər arasında sürətlə yayılmağa başlayıb. Bu, vətəndaşlar arasında müəyyən narahatlıq yaradıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlama verən səhiyyə eksperti Adil Qeybulla bildirib ki, suçiçəyi infeksiyası- varisella zoster son vaxtlar mütəmadi olaraq peyda olur:
"İnfeksiya hava-damcı yolu ilə keçdiyinə görə onun tez-tez artmasına, yayılmasına səbəb olur. Bu, çox kontagioz, yəni çox yoluxucu infeksiyadır. Bədəndə yaranan səpkilərlə müşahidə olunan qızdırma, halsızlıq, yəni ümumi intoksikasiya və yerli əlamətlər olur və əsas profilaktik vasitə vaksinasiyadır. Bu, aktiv immunizasiyadır. Düzdür, bunun immunoqlobulini də var. Hazır anticisimlərin müəyyən qisminin bədənə yeridilməsi passiv immunizasiyadır. Əgər xəstə uşaq kiminləsə təmasda olubsa, passiv immunizasiya şəklində ona immunoqlobulin vurula bilər ki, xəstəlik daha rahat keçsin. Xüsusilə xəstəlik yaşlı şəxslərdə gənclərə nisbətən daha ağır keçə bilər. Xəstəlikdən qorunmaq üçün vaksinasiya daha məqsədəuyğundur. Hətta vaksinasiyadan sonra hansısa xəstələnmə olarsa, qətiyyən təhlükəli olmur”.
Adil Qeybulla açıqlamasında qeyd edib ki, adətən 2 həftə, 10-21 gün ərzində simptomlar özünü büruzə verməyə başlayır və ona qədər halsızlıq, zəiflik və s. olur:
“ Sonra səpkilər peyda olur. Həmin səpkilərin özləri də təmas yolu ilə yoluxmaya səbəb ola bilər. Bunlar özləri də yoluxdurucudur. Bu xəstəliyə yoluxan şəxs mümkün qədər özünü və ətrafdakıları qorumalı, yataq rejimində keçirməli, həkim nəzarətində olmalı və bol maye qəbul etməlidir. Temperaturu dərhal endirməyə çalışmamalıdır. Əgər temperatur 38.5-dən yuxarı qalxmırsa, icazə verilməlidir ki, orqanizm onunla mübarizə aparsın və immunitet yaransın. Yanaşı xəstəliyi, anadangəlmə qüsuru olanlar, gənclər suçiçəyini nisbətən çətin keçirdiyindən və problemlər gözlənildiyindən bu şəxslərin müalicəsi zamanı daha diqqətli olmaq lazımdır”.
Nurgün Qənizadə