Tramp: "ABŞ-nin dünyanı 150 dəfə məhv etməyə kifayət qədər nüvə silahı var"
ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində bildirib ki, ABŞ dünyanı 150 dəfə məhv etməyə kifayət qədər nüvə silahına malikdir. O, ölkəsinin nüvə potensialına görə digər dövlətləri geridə qoyduğunu və bu gücün məsuliyyətli şəkildə idarə edilməli olduğunu vurğulayıb. Tramp həmçinin Çin və Rusiya liderləri ilə bu məsələni müzakirə etdiyini, lakin ABŞ-nin nüvə sınaqlarını tam dayandırmasının məqsədəuyğun olmadığını qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,ABŞ-nin nüvə silahlarını bərpa etməsi hər iki tərəfdən bir güc nümayişidir və bu güc nümayişi təbii ki, ABŞ-nin xüsusilə özünün əzəli və əbədi rəqiblərinə, yəni Rusiya və Çinə qarşı hesablanmış bir nümayişidir:
"Bundan həm də ola bilsin ki, ABŞ öz rəqiblərinə xüsusilə indiki məqamda Rusiyaya bir mesaj vermək istəyir ki, çoxda şanslarını zorlamasınlar. Çünki ABŞ prezidenti Donald Tramp dəfələrlə artıq Rusiyalı həmkarı Vladimir Putinə məyus oldugunu bildirib. Yəni Putin hələ ki, Tramp ilə dil tapa bilmir. Ola bilsin ki, Tramp güc nümayişi elətdirməyə çalışır bunla bağlı. Ümumiyyətlə bu dünya dövlətlərində, xüsusilə də güclülər də, o cümlədən ABŞ-də səmimilik axtarmağa dəyməz. Bunların adətən bir sözü digərini tutmur. Bir yandan demokratikadan danışan dövlətdə, məsələn Fransa özünü demokratik dövlət kimi tanıdır, ancaq Fransada demokratika tapdalanır. Polis zorakılıqları və.s olur. Bunun anologiyası digər dövlətlər üçün də istisna deyil. Bu baxımdan ABŞ-nin bir yandan nüvə üstünlüyündən danışıb, digər yandan fərqli bəyanatlar səsləndirməsi təəccüb doğurmamalıdır. Böyük siyasətə belə nüanslar olur.
Ümumiyyətlə, nüvə müharibəsi ehtimalı var. ABŞ-də Co Baydenin hakimiyyətinin sonuna yaxın bu nüvə müharibəsi ehtimalı gündəmdə idi. Rusiyanı sanki məcbur edirdilər ki, ən azı taktiki nüvə silahından istifadə etsin. İndi Tramp hakimiyyətinin ilk vaxtlarında bu ehtimal xeyli dərəcədə azalsa da, təzədən gündəmə gəlib. Çünki ABŞ və Rusiya dil tapa bilmir və Avropa da bir yandan Rusiyanı sıxışdırır, sanki damarına basırlar ki, sən nüvə silahından istifadə elə. Bu baxımdan əgər dil tapa bilməsələr, ABŞ, Avropa, Rusiya dil tapmasalar, təbii ki, nüvə müharibəsi həmişə gündəmdədir və onu tamamilə indiki məqamda istisna etmək düzgün deyil, olmaz. Demirəm ki, birdən-birə strateji nüvə silahından atar, amma taktiki nüvə silahı var kiçik məsafəli ki, ondan istifadə gündəmdədir, ola bilər. Rusiya itirəcəyi heç nəyin olmadığını anlayanda buna gedəcək, yəqin ki. Mən belə hesab edirəm. Gərək Rusiyanı ona məcbur etməsinlər".
Aişə Mustafayeva