Tramp administrasiyası SEPAH ilə gizli əlaqə yaradıb - Axios
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla rəsmi danışıqlardan kənar şəkildə SEPAH ilə gizli əlaqə kanalı yaradıb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ administrasiyasının İslam İnqilabı Keşikçiləri Korpusu ilə gizli əlaqə yaratmasının əsas səbəbi rəsmi Tehranın siyasi rəhbərliyinin real qərarlar qəbul etmək gücünə malik olmaması idi:
“Vaşinqton hesab edirdi ki, ölkə daxilindəki əsas təhlükəsizlik və hərbi məsələlərə məhz SEPAH nəzarət edir. Diplomatik kanalların dalana dirəndiyi və böhranların dərinləşdiyi şəraitdə ABŞ problemləri həll etmək üçün birbaşa real güc sahibi olan tərəflə danışmağa üstünlük verdi. Bu addım ABŞ-İran münasibətlərinə həm alternativ imkanlar, həm də yeni risklər gətirir. Bir tərəfdən, gizli təmaslar kəskin böhranlar zamanı eskalasiyanın qarşısını almaq üçün çevik mexanizm rolunu oynayır. Digər tərəfdən, tərəflər arasındakı dərin tarixi inamsızlıq, sərt hərbi doktrinalar və regiondakı strateji ziddiyyətlər yaxın gələcəkdə münasibətlərin tam normallaşmasına imkan vermir, əksinə, dialoqu daha çox qapalı və ehtiyatlı müstəviyə keçirir”.
Nurgün Qənizadə