00:00:00
Yazar
Güllər Gülhüseynova
01.07.2026 16:13 25 3 dəq oxuma
Siyasət

Türkiyə və Aİ təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

Türkiyə və Aİ təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında xarici siyasət, ticarət, miqrasiya və viza məsələləri müzakirə olunub.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər yeni deyil. Tərəflər uzun illərdir əməkdaşlıq edir və Türkiyə Avropa İttifaqına üzv olmağa çalışır:

 

“Rəsmi üzvlük danışıqları 2005-ci ildə başlasa da, 2006-cı ildən etibarən müxtəlif səbəblərə görə bu proses ləngiyib. Buna baxmayaraq, tərəflər arasında daim siyasi dialoq və kommunikasiya davam edir. Türkiyə ilə Avropa İttifaqı bir çox istiqamətlərdə, xüsusilə xarici siyasət sahəsində ortaq maraqlara malikdir. Ukrayna ilə bağlı məsələdə tərəflərin mövqeləri üst-üstə düşür. Həm Türkiyə, həm də Avropa İttifaqı Ukraynaya qarşı hərbi təcavüzə qarşı çıxır və ölkənin ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı, qanunsuz miqrasiya ilə mübarizə istiqamətində də tərəflərin maraqları və yanaşmaları bir çox hallarda oxşardır. Livan və Fələstinlə bağlı məsələlərdə də Türkiyə ilə Avropa İttifaqı arasında əməkdaşlıq və ortaq mövqelər mövcuddur. Ümumilikdə, regional təhlükəsizlik, qlobal sabitlik və beynəlxalq təhlükəsizlik məsələlərində onların baxışları bir çox hallarda üst-üstə düşür. Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Türkiyə ilə birlikdə NATO-nun üzvüdür. Bu da təhlükəsizlik, müdafiə və enerji siyasəti kimi mühüm sahələrdə əməkdaşlığı daha da gücləndirir. Son günlər Türkiyədə keçirilən yüksək səviyyəli görüşlər zamanı da təhlükəsizlik və enerji məsələləri əsas müzakirə mövzularından biri olub. Həmin görüşlərdə Türkiyənin Avropa İttifaqının təhlükəsizlik sistemində oynadığı xüsusi rol bir daha vurğulanıb. Bu, göstərir ki, Avropa İttifaqı Türkiyəni strateji tərəfdaş kimi qiymətləndirir”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Avropa İttifaqı da Türkiyə üçün mühüm tərəfdaşdır. Məhz buna görə Ankara uzun illərdir bu quruma tamhüquqlu üzv olmaq istiqamətində səylərini davam etdirir:

 

“Son dövrlərdə Avropa İttifaqı öz təhlükəsizliyinin təmin edilməsində Türkiyəni ən etibarlı tərəfdaşlardan biri kimi görür və Ankara ilə təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etməyə çalışır. Bu baxımdan Türkiyə Avropa üçün etibarlı təhlükəsizlik tərəfdaşı kimi qiymətləndirilir. Bununla belə, tərəflər arasında fikir ayrılıqları da mövcuddur. Xüsusilə Kipr məsələsi, Şərqi Aralıq dənizində dəniz sərhədlərinin müəyyənləşdirilməsi və enerji resursları ilə bağlı mövzularda müxtəlif yanaşmalar qalmaqdadır. Eyni zamanda İŞİD və digər terror təşkilatlarına qarşı mübarizə məsələsində ortaq baxışlar mövcuddur. Lakin Türkiyənin PKK və YPG-yə qarşı həyata keçirdiyi siyasətlə bağlı Avropa İttifaqı daxilində fərqli yanaşmalar müşahidə olunur. Buna baxmayaraq, ümumi mənzərədə ortaq maraqlar fikir ayrılıqlarından daha çoxdur. Türkiyə-Avropa İttifaqı münasibətlərinin normallaşmasının Azərbaycana təsirinə gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində bu strateji tərəfdaşlıq özünü aydın şəkildə göstərir. Azərbaycanın Avropa İttifaqı ilə də müstəqil və inkişaf edən münasibətləri mövcuddur. Bu baxımdan Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin normallaşması və əməkdaşlığın dərinləşməsi Azərbaycanın da Avropa İttifaqı ilə əlaqələrinin inkişafına və regional əməkdaşlıq imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər”.

 

Güllər Gülhüseynova

#Türkiyə #Aİ #Avropa #Livan #Fələstin #Ankara #Azərbaycan #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər