Uşağa fiziki cəza tətbiq edənlər cərimələnə bilər
Uşağa qarşı cismani cəzanın tətbiqi ilə bağlı qaydalar dəyişir. Milli Məclisdə müzakirə olunan dəyişikliklərə görə, uşağa tərbiyə və ya intizam məqsədilə fiziki və ya psixoloji zorakılıq tətbiq edən valideynlər və məsul şəxslər 200-600 manat məbləğində cərimələnəcək.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, hər bir valideyn cəmiyyətə tərbiyəli bir fərd bəxş etməyə borcludur:
“Qərarı tamamilə dəstəkləyirəm və uzun illərdir ki, özüm də bu təkliflə çıxış edirdim. Çünki bəzi valideynlərin çox ciddi psixoloji problemləri var ki, bu onların uşaqlara qarşı amansız davranmasına, ağır fiziki zərbələr yetirməsinə, şiddət göstərməsinə səbəb olur. Belə rəftar uşağın daha da aqressivləşməsinə, insanlara qarşı nifrət, qəzəb və kin bəsləməsinə gətirib, çıxarır. Nəticədə həmin uşaq gələcəkdə psixologiyası korlanan bir şəxsə, hətta ağır cinayətkara çevrilə bilər. Döymək heç bir halda müsbət tərbiyə metodu deyil və heç effektiv nəticə vermir. Qanunda yalnız fiziki zorakılığa və döyülməyə görə ciddi cəzalar nəzərdə tutulmalıdır. Lakin bu o demək deyil ki, uşaq cəzasız qalmalıdır. Valideynlər uşaqlarını tərbiyə etmək üçün müxtəlif sivil üsullardan, tənbeh metodlarından və müəyyən məhdudiyyətlərdən istifadə etməlidirlər. Sağlam cəmiyyət formalaşdırmaq istəyiriksə, uşaqlarımıza kiçik yaşlarından normal tərbiyə verməliyik. Bu prosesdə həm valideynlər, həm müəllimlər, həm də ətrafdakı insanlar məsuliyyət daşıyır. Dövlət valideynləri uşaqlarına düzgün tərbiyə verməyə məcbur etməlidir. Mən hər zaman təklif edirəm ki, cinayət törədən uşaqların valideynləri də ağır cəzalandırılmalıdır; çünki vaxtında tərbiyə olunmayan uşaq gələcəkdə başqaları üçün təhlükə mənbəyinə çevrilir. Uşaqların qorunması və sağlam böyüməsi istiqamətində atılan bu addımlar və qanunvericilikdəki dəyişikliklər təqdirəlayiqdir”.
Aydan Əsgərxanlı