Xəzərin taleyi: Suyun azalması nə vaxta qədər davam edəcək?
Xəzər dənizində suyun səviyyəsi tarixi minimuma yaxınlaşır və bu, həm bölgədə ekoloji tarazlığı, həm də insanların gündəlik həyatını ciddi narahat edir. Hazırda suyun səviyyəsinin nə vaxta qədər aşağı qalacağı və gələcəkdə necə dəyişəcəyi ətrafında sual və narahatlıqlar davam edir.
Mövzu ilə bağlı coğrafiya üzrə fəlsəfə doktoru, alim Həsən Nəbiyev “İnformator.az”saytına açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi əsasən çay axınlarından, atmosfer yağıntılarından və səthdə baş verən buxarlanma prosesindən asılıdır:
“Xəzər dənizinin səviyyəsinin tərəddüdü əsasən ona tökülən çayların axım həcmindən, atmosfer yağıntılarının miqdarından və səthdən baş verən buxarlanma prosesindən, yəni su balansının əsas elementlərindən asılıdır. Bu elementlər də öz növbəsində iqlim və hava şəraitindən asılıdır. Xəzər dənizinə tökülən çay sularının təxminən 80 faizi təkcə Volqa çayının payına düşür. Son dövrlərdə bu çayın su sərfinin azalması müşahidə olunur. Bu azalmanın nəticəsi olaraq isə Xəzər dənizinin səviyyəsi aşağı düşür. Tarixə nəzər salsaq görərik ki, 1930-1977-ci illərdə Xəzər dənizinin səviyyəsində uzunmüddətli enmə müşahidə olunub və səviyyə -29 metrə qədər aşağı düşüb. 1978-1995-ci illərdə isə səviyyə yenidən kəskin şəkildə artmağa başlayıb. 1995-ci ildən indiyədək isə Xəzər dənizinin səviyyəsinin yenidən azalmasının şahidi oluruq”.
Müsahib Xəzərin səviyyəsinin azalmasını sirkulasiya tipləri ilə sıx əlaqədar olduğunu qeyd edib:
“Apardığımız tədqiqatlar göstərir ki, Xəzərin səviyyəsinin azalması hakim sirkulyasiya tipləri ilə sıx əlaqədardır. Adətən Volqa çayı hövzəsində yağıntılar Atlantik okeanından gələn qərb hava kütlələri ilə sıx bağlı olur. Son zamanlarda isə bu proseslərin təkrarlanması çox azalıb. Yəni qərbdən şərqə doğru yönələn hava axınları meridianal axınlarla-şimaldan cənuba, cənubdan şimala yönələn hava axınları ilə əvəz olunub. Nəticədə Volqa çayı hövzəsinə düşən yağıntılar çox azalıb. Sirkulyasiya epoxalarının tədqiqi göstərir ki, enmə hələ 20-25 il bundan sonra da davam edəcək. 2050-ci ildən etibarən qərb hava kütlələrinin təkrarlanmasının çoxalması ilə səviyyənin artması müşahidə ediləcək. Bu yaxınlarda Qazaxıstan alimləri də belə bir fikrə gəliblər. Biz Xəzərin səviyyə tərəddüdünü atmosfer sirkulyasiyası tipləri ilə yanaşı, günəş fəallığı və geoloji amillərlə də əlaqələndirməyə çalışmışıq. Xəzər dibinin tektonikasının özünün də səviyyəyə müəyyən təsirləri var. Azərbaycanın məşhur iqlimşünası Ənvər Şıxlinski də vaxtilə bu qənaətə gəlib ki, iqlim və tektonik amilləri birgə nəzərə almaq mütləqdir”.
Alim Həsən Nəbiyev 2050-ci ildən sonra Xəzər dənizinin səviyyəsində yenidən artımın müşahidə oluna biləcəyini söyləyib:
“Qərbdən gələn hava kütlələri elmi ədəbiyyatda ‘W’ hərfi ilə, meridional proseslər isə ‘E’ və ‘C’ prosesləri ilə ifadə olunur. Aparılan müşahidələr göstərir ki, hazırda ‘W’ proseslərinin, yəni qərbdən gələn hava axınlarının təkrarlanması demək olar ki, minimum səviyyəyə enib. Lakin bu proseslərin gələcəkdə yenidən bərpa olunacağı gözlənilir. Bu baş verdiyi təqdirdə Volqa çayı hövzəsində yağıntıların miqdarı arta bilər ki, bu da öz növbəsində Xəzər dənizinin səviyyəsinin yüksəlməsinə təsir göstərəcək. Apardığımız tədqiqatlar göstərir ki, təxminən 2050-ci ildən sonra, yəni 20-25 il ərzində Xəzər dənizinin səviyyəsində yenidən artım müşahidə oluna bilər. Bu nəticə təsadüfi deyil, aparılan araşdırmalar və elmi hesablamalar əsasında əsaslandırılıb. Bu nəticələr ümumilikdə ümidverici hesab olunur. Digər alimlərin, xüsusilə, Qazaxıstanlı tədqiqatçıların araşdırmaları da oxşar qənaətə gəlir. Onların fikrincə, növbəti 25-27 il ərzində Xəzər dənizinin səviyyəsinin enməsi davam edəcək. Bu proqnozlar bizim əldə etdiyimiz nəticələrlə də demək olar ki, üst-üstə düşür. Qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi tarix boyu daim qalxma və enmə mərhələlərindən keçib. Buna görə də yaxın gələcəkdə, göstərilən müddətdən sonra dənizin səviyyəsinin yenidən artması mümkündür. Bu baxımdan Xəzərin tam quruyacağı və ya səviyyəsinin 18 metrə qədər aşağı düşəcəyi ilə bağlı səslənəno fikirlər elmi əsaslara söykənmir. Mövcud ehtimallara görə, səviyyənin təxminən 3-5 metrə qədər enməsi mümkündür. Hazırda isə Xəzər dənizinin səviyyəsi hər il bir neçə santimetr azalır”.

Zəri Bayramlı