00:00:00
Yazar
Ayşən Səlimova
17.03.2026 20:24 21 2 dəq oxuma
Sosial

Yaşıl Enerji İstehsalı 30 faiz artacaq

Yaşıl Enerji İstehsalı 30 faiz artacaq

İƏT-in Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova Brüsseldə UNIDO-nun Aİ-dəki nümayəndəsi Kristof İveto ilə görüşüb. Görüşdə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov da iştirak edib. Müzakirələr regionda yaşıl enerji əməkdaşlığı və aşağı karbonlu sənayenin inkişafına həsr olunub.

 

 

Mövzu ilə bağlı sosioloq Mail Yaqub “İnformator.az”a açıqlamasında bildirib ki, yaşıl enerji ixracının stimullaşdırılması strateji əhəmiyyət kəsb edir:

 

 

“Azərbaycan artıq yaşıl enerji sahəsində sürətlə inkişaf edir. Son dövrlərin statistikasına və həyata keçirilən layihələrə nəzər salsaq, günəş enerji panellərinin quraşdırılması işlərinin sürətlə davam etdiyini görərik. 2023-cü ildə Qobustanda 230 meqavat gücündə günəş panelləri quraşdırılıb və həmin enerji istehsalı əhəmiyyətli dərəcədə artmaqdadır. 2026-cı ilin yanvar ayında ölkə rəhbərinin iştirakı ilə Abşeron yarımadası istiqamətində, Xızı-Abşeronda 240 meqavat gücündə günəş və külək hibrid elektrik stansiyaları istifadəyə verilib və yaşıl enerji istehsalına başlanılıb. Növbəti layihə üçün Biləsuvarda 440 meqavat gücündə günəş panellərinin quraşdırılması üçün ərazi ayrılıb və işlər sürətlə davam edir. Həmçinin, Neftçala rayonunun Bankə qəsəbəsində 315 meqavat gücündə layihəyə start verilib. Bu layihələr "Abu Dhabi Future Energy Company" vasitəsilə həyata keçirilir. Bundan əlavə, BP şirkəti vasitəsilə Cəbrayılda 240 meqavat gücündə günəş panellərinin quraşdırılması işləri aparılır. Azərbaycanın 2030-cu ilə qədər 1500 meqavat gücünə yaxın yaşıl enerji istehsal edə biləcəyi proqnozlaşdırılır ki, bu da ümumi enerji istehsalımızın təxminən 30%-ni təşkil edir. Hazırda ölkəmizdə 250-280 günəşli gün olur ki, bu da xüsusilə, Naxçıvan və Orta Araz zonasında günəş enerjisi potensialının yüksək olduğunu göstərir. İstehsal olunan enerjinin xaricə satılması üçün Budapeşt və Brüsseldə mühüm danışıqlar aparılır. Azərbaycanın daxili enerji istehlakı təxminən 23 milyard kilovat-saatdır və əlavə 7 milyard kilovat-saat ixrac imkanımız yarana bilər. Gələcəkdə neft istehsalının azalması ehtimalını nəzərə alaraq, iqtisadiyyatı qorumaq üçün yaşıl enerji ixracının stimullaşdırılması strateji əhəmiyyət kəsb edir”.

 

Aydan Əsgərxanlı

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər