00:00:00
Yazar
Banuçiçək Məmmədova
08.04.2026 21:24 35 3 dəq oxuma
Sosial

Yay meyvələri bazara baha daxil olub: qiymətlər niyə bu qədər yüksəkdir?

Yay meyvələri bazara baha daxil olub: qiymətlər niyə bu qədər yüksəkdir?

Bazarlarda alça, çiyələk, gilas kimi yay meyvələri artıq satışa çıxarılsa da, hələ tam mövsüm başlamayıb. Buna baxmayaraq, qiymətlərin 80-100 manat aralığında olması alıcıları təəccübləndirir. Erkən məhsulun bazara məhdud miqdarda çıxması və digər amillər qiymətlərin yüksək olmasına səbəb kimi göstərilir. Vətəndaşlar isə sual edir: mövsüm başlayanda qiymətlər düşəcəkmi?

 

Mövzu ilə bağlı “İnformator.az” saytı satıcı Əli Hüseynovun rəyini alıb:

 

“Məhsulu bazara çıxarmaq özü bahalı prosesdir. Erkən yetişdirdiyimiz üçün xərclərimiz daha çox olur. Hələ məhsul bol deyil, ona görə qiyməti aşağı sala bilmirik. Əlimizə az mal keçir, onu da ucuz versək ziyana düşərik. Satdığımız qiymət birbaşa çəkdiyimiz xərclə bağlıdır. Hər gün risk var ki, məhsul xarab ola bilər. Qiyməti alıcı müəyyən edir, alan olduqca belə qalır. Bəzən az satsaq da, baha satmaq məcburiyyətindəyik. Bu dövrdə satışdan qazandığımız gəlir əsas olur. Məhsul çoxaldıqca qiymət də tədricən aşağı düşür”.

 

Eyni zamanda alıcı Sevda İbadova da bizimlə fikirlərini bölüşüb:

 

“Qiymətlər çox baha olduğu üçün hər adam bu meyvələri ala bilmir. İnsanlar bazarda qiymətləri görüb təəccüblənirlər. Çoxu deyir ki, bu qiymətə almağa dəyməz, mövsümü gözləmək daha yaxşıdır. Bəziləri isə sadəcə dadına baxmaq üçün az miqdarda alır. Kimisi isə ümumiyyətlə yaxınlaşmır, baha olduğu üçün maraqlanmır. Erkən məhsulların təbii olub-olmaması da insanlarda sual yaradır. Düşünürük ki, mövsüm gələndə qiymətlər mütləq düşəcək. Bəziləri qiymətlərin süni şəkildə yüksək saxlanıldığını deyir. Çoxumuz qiymətlərin daha münasib olmağını gözləyirik”.

 

İqtisadçı Günay Hüseynova bu barədə bildirib ki, hələ mövsüm başlamamasına rəğmən qiymətlərin bu dərəcədə yüksək olmasının səbəbi məhsulların parnik-istixana şəraitində yetişdirilməsidir:

 

“Təbii ki, alça, çiyələk, gilas kimi məhsulların 80-100 manata təklif olunması süni və şişirdilmiş qiymətdir. Bu qiymətə məhsulun alıcısı da var; əks halda sahibkar onu satışa çıxarıb zibilə göndərməz. Məhsullara vurulan müxtəlif dərman vasitələri onların uzun müddət xarab olmasının qarşısını alır. Həmçinin məhsullar bazar və marketlərə az miqdarda, paketlənmiş şəkildə göndərilir. Nəticədə, müəyyən hissə xarab olsa belə, sahibkar artıq bir neçə satışdan gəlirini əldə etmiş olur. Alıcı tələbatına gəldikdə isə, tələbat olmasa mövsüm başlamadan bu məhsullar satılmazdı. Deməli, qiymətindən asılı olmayaraq öz alıcısı var; hətta 80 yox, 180 manat olsa belə, yenə alan tapılacaq. Erkən məhsulların bazara çıxarılmasının qiymət siyasətinə təsiri isə mənfi qiymətləndirilməlidir. Bu, təkcə iqtisadi deyil, sosial ədalət və gəlir bölgüsü baxımından da düzgün deyil. Biri 400 manat, digəri 2000 manat əmək haqqı alır - bir paket alça, gilas və çiyələk kimin neçə saatlıq və ya günlük qazancına bərabərdir? Ümumilikdə, azad sahibkarlıq olsa da, bu kimi halların qarşısı müəyyən qədər alınmalıdır. Qiymətlər ya daha əlçatan olmalı, ya da məhsullar mövsümündən əvvəl bu cür yüksək qiymətlərlə satışa çıxarılmamalıdır. Məqsəd yerli təsərrüfata məhdudiyyət qoymaq deyil; daha çox qazanc əldə etmək istəyən sahibkar ya vergisini ödəməli, ya da məhsulunu birbaşa ixrac etməlidir”.

 

Cavahir Əsgərbəyli

#olub: #qiymətlər #baha #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər