İsrail ordusu Qəzzadakı artilleriya səhvini etiraf edib

Tarix: 21:46 06.06.2025
İsrail ordusu BBC Verify-a Qəzzanın cənubundakı əl-Məvasi bölgəsinə daha əvvəl açıqlanmamış artilleriya zərbəsi endirdiyini etiraf edib. Bu hücum nəticəsində azı bir fələstinli ölüb, 30 nəfər yaralanıb. İsrail ordusu (IDF) bunu “texniki və əməliyyat səhvi” kimi qiymətləndirib, lakin sübut təqdim etməyib.
Zərbə, bazar günü Rəfahda yardım paylama mərkəzi yaxınlığında 31 fələstinlinin öldüyü hadisədən bir neçə saat sonra baş verib. BBC Verify görüntüləri analiz edərək bu hücumun əslində Rafahdan 4,5 km aralıdakı Xan Yunisdə baş verdiyini müəyyən edib. Həmin ərazi köçkün fələstinlilərin məskunlaşdığı zonadır.
IDF belə səhvləri nadir hallarda etiraf edir. BBC Verify bu, oktyabrdan bəri onların “əməliyyat səhvi” etiraf etdiyi sayca beşinci hadisə olduğunu bildirir.
Hadisənin görüntüləri və zərərçəkənlərin təsbit olunması BBC ilə Ağ Ev arasında da mübahisəyə səbəb olub. Ağ Evin mətbuat katibi BBC-nin xəbəri geri çəkdiyini iddia etsə də, BBC bunu təkzib edərək məlumatlarının arxasında dayandığını bildirib.
İsrailin hərbi əməliyyatları HƏMAS-ın keçirdiyi və 1200 nəfərin öldüyü hücuma cavab olaraq başlanıb. Qəzza Səhiyyə Nazirliyi indiyədək azı 54,607 nəfərin həlak olduğunu açıqlayıb.
Mənbə: BBC
Türkan Kərimli