"Şah Abbas Namə" tamaşasının premyerası-Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında

Tarix: 17:16 23.06.2025
İyun ayının 21-i və 22-i Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında şair, yazıçı, kinodramaturq,Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin "Şahnamə" əsəri əsasında qurulan "Şah Abbas Namə"tamaşasının premyerası olub.
Atası Məhəmməd Xudabəndə və qardaşı Həmzə Mirzənin ölümündən sonra taxta çıxan Şah Abbasın ilk işi onu bir hökmdar üçün rəzil olan vəziyyətdə görən insanları öldürmək olur. Bu onun ilk qan tökməyi idi. Hakimiyyətə gələrkən zəifləmiş, xəzinəsi azalmış, tayfa başçılarının şəxsi mənafeləri uğruna savaşdıqları, parçalanmış dövləti gücləndirmək, sərhədləri genişləndirmək məqsədi olan hökmdar yeri gələndə öz övladlarına belə güzəştə getmir. Dörd oğlunun ikisinin gözlərini çıxartdırıb,birini öldürdən (yalnız biri öz əcəli ilə ölüb) Şah Abbasın ahıl yaşı gələndə nəvələrindən birini vəliəhd seçmək məqamı çatmış olur. Bununla da hakimiyyət davası başlayıb. Əsərdə hər anını cəllad qorxusu ilə yaşayan şahzadələr, özbaşınalığa can atan bəylər, xanlar, hakimiyyət üçün öz doğmalarına belə qıyan hökmdar və saray daxili çəkişmələrdən bəhs edilir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissor Səbinə Məmmədzadə, rejissor assisenti Fuad Cavadzadə quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkar Azər Hacıələsgərlidir.
Tamaşada Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfərov, aktyorlar Mirsənan Kazımlı, Vahid Orucoğlu, Səbinə Məmmədzadə, Xalidə Əlməmmədova və başqaları iştirak edirlər.
Dördhissəli tarixi-psixoloji dramın Birinci pərdəsi “Şətrənc” adlanır. Bu pərdədə Şah Abbas taxta çıxanda sarayda hərc-mərcliyinin olduğu göstərilib. Sözü gedən hissənin diqqəti daha çox çəkən cümləsi isə düşünürəm ki,"Hakimiyyət şətrənç kimidir. Qalib olmaq üçün qurban verməyi bacarmalısan". cümləsidir.
İkinci pərdə “Qan qoxusu” adlanır. Bu pərdədə Şah Abbasın hökmdarlığının birinci mərhələsində feodal əmirlərin, xanların hələ də tam tabe olmadıqları göstərilir.
Üçüncü pərdə “Zindan” adlandırılıb. Bu hissədə artıq hökmdarlığını möhkəmləndirmiş Şah Abbası görürük. Səfəvilər dövlətinin itirilmiş ərazilərinin geri qaytarması, Bağdadı ələ keçirməsi, döyüşlərdə qalib gəlməsi onun hakimiyyətinin parlaqlığının göstəricisidir. Lakin o yenə də qorxur. İçində cəlladların gəlib onu boğacağı qorxusu ilə yaşayan, anası Məhdi Ülyanı və nənəsini öldürənlərin bir günü onu da öldürəcəyini düşünən balaca Abbas hələ də yaşayırdı.
Dördüncü pərdənin adı “Vəli-əhd”dir. Bu hissədə ömrünün sonuna yaxınlaşan Şah Abbasın nəvələrindən birini varis seçməyi və bu seçim zamanı baş verən dramatik hadisələr öz əksini tapır. Quruluş, səhnə işıqları, musiqilər, geyimlər, dekorlar və aktyor oyunu insanı tamamilə o dövrə aparırdı.
Qeyd edək ki, tamaşa böyük anşlaq və tamaşaçı alqışı ilə qarşılanıb.
Ülviyyə Oruc