Trampdan CNN və NYT-yə sərt reaksiya

Bölmə: Dünya › ,
Tarix: 09:43 25.06.2025

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumun Tehranın nüvə silahı istehsal etmək imkanını tamamilə aradan qaldırmadığını iddia edən CNN və New York Times-ı “yalançılıqda” ittiham edib.


Tramp, Truth Social hesabında paylaşım edərək, ABŞ mediasında yayımlanan və İranın nüvə obyektlərinə hücumun "tam təsir göstərmədiyini, sadəcə işləri bir neçə ay ləngitdiyini" iddia edən xəbərlərə cavab verib.


ABŞ Prezidenti belə deyib: “Yalan xəbər kanalı CNN, uğursuz New York Times ilə birlikdə tarixdəki ən uğurlu hərbi hücumlardan birini təsirsiz göstərmək üçün birləşib.”


“Iran’dakı nüvə obyekti tamamilə məhv edilib. Həm NY Times, həm də CNN xalq tərəfindən amansızcasına tənqid olunub,” — deyə Tramp qeyd edib və ABŞ-ın əsas media orqanlarını “yalan xəbər yaymaqda” ittiham edib.


Tramp, ABŞ-ın B-2 bombardmançı təyyarələri və sualtı qayıqları ilə İranın üç nüvə obyektinə etdiyi hücumdan sonra Tehran rejiminin nüvə potensialının “tamamilə məhv edildiyini” müxtəlif platformalarda bəyan edib.


Lakin ölkədəki bəzi media qurumları bu iddianın doğru olmadığını, sadəcə İranın nüvə fəaliyyətlərinin bir neçə aylıq geriyə atıldığını iddia edən xəbərlər yayımlayıb.


Prezident Donald Trampın xüsusi nümayəndəsi Steve Witkoff, İran hava hücumları nəticəsində Tehran rejiminin nüvə potensialını “yox etdiklərini” ətraflı şəkildə açıqlayaraq ABŞ mediasının iddialarını təkzib edib.


Witkoff, Fox News kanalına canlı bağlantıda belə deyib: “(İranın nüvə obyektlərindən biri olan) Fordo-ya 12 sığınacaq deşici bomba göndərmişik. Qoruyucu qapağı deşdiyinə və obyekti məhv etdiyinə şübhə yoxdur.”


ABŞ mediasının bu iddialarına cavab verən Witkoff bildirib: “Bu cür məlumatları sızdırmaq — məlumat nə olursa olsun və hansı tərəfdə olursa olsun — iyrəncdir. Bu vətənə xəyanətdir, buna görə araşdırılmalıdır. Və bunu kim edibsə, kim cavabdehdirsə, hesabat verməlidir.”


Witkoff, yalnız ABŞ-ın deyil, “digər ölkələrin hesabatlarını da oxuduğunu” deyərək, hədəfə çatılmadığını iddia edən xəbərlərin “tamamilə mənasız” olduğunu qeyd edib.


İranın İsfahan nüvə obyektinin, eyni zamanda zənginləşdirmə prosesinin sonunda materialın metallaşdırılması üçün lazım olan bir “transformasiya obyekti” olduğunu bildirən xüsusi nümayəndə belə deyib: “Bildiyimizə görə, bu prosesi bacaran yeganə obyekt olan İsfahandakı bu transformasiya qurğusu tamamilə məhv edilib.”


Witkoff əlavə edib ki, İsrailin daha əvvəl hədəf aldığı digər iki yeraltı nüvə obyektini də tamamilə məhv etdiklərinə əmin olmaq üçün “ard-arda” bomba yağdırıblar və nəticədən “heç bir şübhə duymayıb”.


Haber Global
Xəlilli Nigar