Tramp fikrini dəyişib və “Ukraynaya daha çox silah göndərməyə” söz verib

Bölmə: Dünya › ,
Tarix: 12:51 08.07.2025

Bəyanat, Pentaqonun bir neçə gün əvvəl Ukraynaya zenit raketləri, yüksək dəqiqlikli artilleriya və digər silahların tədarükünü dayandıracağını elan etməsindən sonra verilib. Buna səbəb ehtiyatların ciddi şəkildə azalması ilə bağlı narahatlıqlar idi. Netanyahunun şərəfinə verilən şam yeməyində Donald Tramp bildirib ki, “Putindən heç də razı deyil”.

 

180 dərəcəlik dönüş: ABŞ Prezidenti bazar ertəsi bəyan edib ki, ölkəsi Ukraynaya silah tədarükünü bərpa edəcək.
Bu bəyanat keçən həftə Pentaqonun Ukraynaya Patriot raketləri, yüksək dəqiqlikli GMLRS reaktiv yaylım sistemləri, “Hellfire” raketləri, haubitsa mərmiləri və digər silahların tədarükünü ehtiyatların azalması səbəbilə dayandıracağını elan etməsindən bir neçə gün sonra səsləndirilib. Bu qərar rəsmi Kiyev və onun müttəfiqləri üçün gözlənilməz olub.
Ukrayna üçün çətin bir məqamda bu fasilə baş verib: artıq üç ildən çox davam edən müharibə fonunda son həftələrdə Rusiya tərəfindən hava hücumları və dron zərbələri artıb. Yalnız son sutka ərzində Rusiya ordusunun Ukraynaya zərbələri nəticəsində azı 11 mülki şəxs həlak olub, 80-dən çox insan, o cümlədən 7 uşaq yaralanıb.
Pentaqon bazar ertəsi gecə təsdiqləyib ki, Trampın göstərişi ilə silah tədarükü bərpa olunacaq. “Bu, ukraynalıların özlərini müdafiə edə bilmələrini təmin etmək üçündür. Biz isə davamlı sülhün qurulması üzərində işləyirik”, – deyə Pentaqon bildirib.


Euronews
Fatimə Heydərova