Çindən ABŞ-nin tarif qərarına cavab

Tarix: 18:05 08.07.2025
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin, ABŞ Prezidenti Donald Trampın 14 ölkəyə birtərəfli gömrük rüsumları tətbiq olunduğunu açıqlamasının ardından, ticarət və gömrük vergisi müharibələrinin “qalibinin olmadığını” bildirib.
Mao, paytaxt Pekində keçirilən gündəlik mətbuat konfransında Vaşinqtonun 14 ölkəyə qarşı tətbiq etdiyi gömrük rüsumları ilə bağlı mövqeyini dəyərləndirib.
Tariflərin artırılması ilə bağlı Pekinin mövqeyinin aydın və dəyişməz olduğunu vurğulayan Mao deyib:
“Ticarət və ya gömrük vergisi müharibələrinin qalibi yoxdur və proteksionizm (qoruyucu iqtisadi siyasət) bütün tərəflərin maraqlarına zərər vurur”.
Qeyd edək ki, Tramp dünən sosial şəbəkədə Tunis, Cənubi Koreya, Malayziya, Qazaxıstan, Yaponiya, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Tayland, Kamboca, Myanma və Laos daxil olmaqla 14 ölkəyə tətbiq olunacaq yeni gömrük tariflərini əks etdirən “tarif məktublarını” paylaşıb.
TRT XƏBƏR
Nuray Əliyeva