İran minlərlə raket və pilotsuz təyyarəni təhlükəsiz yerlərdə toplayıb

Bölmə: Dünya › ,
Tarix: 16:56 08.07.2025

İran ölkəni istənilən təcavüzdən müdafiə etməyə hazır vəziyyətə gətirilmiş bir neçə min raket və pilotsuz uçuş aparatını təhlükəsiz ərazilərdə yerləşdirib.

 

Bu barədə İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin baş hərbi müşaviri, general-mayor Yəhya Rəhim-Səfəvi məlumat verib.

 

Onun sözlərinə görə, ötən ay 12 gün davam edən hərbi qarşıdurmaya son qoyan atəşkəsə baxmayaraq, İsrailin İrana yenidən hücum edəcəyi ilə bağlı xəbərlər fonunda İran ordusu hər bir ssenariyə tam hazırdır.

 

General-mayor bildirib ki, hələlik ölkənin Hərbi Dəniz Qüvvələri və SEPAH-ın Qüds Qüvvələri kimi əsas hərbi strukturları səfərbər edilməyib və indiyədək İran ordusu İsrailin hücumlarını dəf edərkən bütün potensialını istifadə etməyib.

 

"Biz artıq bir neçə min raket və pilotsuz təyyarə istehsal etmişik və onların hamısı təhlükəsiz yerlərdə saxlanılır", – deyə o qeyd edib.

 

Səfəvi əlavə edib ki, İranın sülh məqsədli nüvə enerjisi və raket istehsalı tamamilə yerli bilik, zəka və elmin məhsuludur və bu səbəbdən də onu məhv etmək mümkün deyil.

 

Mənbə: Caliber

Aytən Ağazadə