Qarabağ turizmi-Dirçəlişin yeni ünvanı

Bölmə: Sosial › ,
Tarix: 20:57 08.07.2025

Qarabağ artıq təkcə münaqişə bölgəsi kimi deyil, həm də mədəni və iqtisadi dirçəlişin simvolu kimi tanınmağa başlayır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində turizm də prioritet sahələrdən biri kimi diqqət mərkəzindədir. Füsunkar təbiət, zəngin tarix və abidələr turizm potensialını formalaşdırsa da, infrastruktur, təhlükəsizlik və tanıtım bu inkişafın əsas dayaqlarıdır.


Bu mövzu ilə bağlı açıqlamasında turizm eksperti Cabir Dövlətzadə "İnformator.az"a bildirib ki, Qarabağ azad olduqdan sonra orada ciddi işlər görülməkdədir:


"Hər şeydən əvvəl, ən böyük problem minaların təmizlənməsi idi ki, artıq bu, sürətli bir şəkildə davam edir. Yerli və xarici şirkətlər ora turizmin inkişafı üçün investisiya layihələri qoyurlar.


Artıq Qarabağda otellərimiz mövcuddur. Həmin otellərdə gedən yerli və diplomatik qonaqların qonaqlaması mümkündür. Qarabağ elə bir müstəsna zonadır ki, ora Azərbaycanın cənnət zonası hesab olunur və müxtəlif turizm növləri orada mövcuddur.


Hər şeydən əvvəl, müalicəvi turizm sahəsində Kəlbəcər "İstisu"nu qeyd etmək lazımdır. Artıq "İstisu"nun mineral bulaqdan çıxan suyu istehsal olunub və Azərbaycana yayılmaqdadır. Onu da qeyd edək ki, "İstisu" sanatoriyasının fəaliyyətinin bərpası Azərbaycanda köhnə postsovet ölkələrinin buraya rəğbətini artıracaq.


Eyni zamanda, onun ciddi təbliği müalicəvi turizmin sadəcə postsovet məkanı ilə qalmayıb, bütün Avropa və Asiya bölgəsində də təbliğinə gətirib çıxaracaq.


Eyni vaxtda, ekoturizm mövcuddur. Həmin ekoturizmdə dağ, yamac paraşütü və ya digər ekstremal turizm növlərindən yararlanmaq mümkündür. Bu isə Azərbaycanda, xüsusilə də Qarabağ bölgəsində dağ xizək turizminin və qış turizminin inkişafına təkan verə bilər.


Vaxt keçdikcə, bu imkanlar daha da qiymətləndiriləcəkdir. Çünki bura hələ kəşf olunmamış bir sahədir və bu səbəbdən də turistlərin rəğbətini ciddi şəkildə cəlb edəcək. Artıq bu, Şahdağ və Qəbələdən daha çox Qarabağ zonasında turizmin inkişafına dərin töhfə verəcək.


Sadəcə, orada infrastruktur layihələrinin tamamlanması vacibdir. Bildiyiniz kimi, ciddi şəkildə işlər gedir. Həmin dağ altında tunellərin çəkilməsi tamamlanmaq üzrədir. Kanat çəkilməsi davam edir.


Bu da Azərbaycanın irəlidə turizminə ciddi töhfə verəcək. Çünki hər şey yoldan başlayır. İnfrastruktur layihələrinin tamamlanması ilə həm Azərbaycandan quru yolu ilə, həm də artıq orada açılan üç aeroport vasitəsilə turistlərin ora cəlbi mümkün olacaq.


Ümid edirəm ki, yaxın vaxtlarda artıq portal sistemi aradan qalxacaq və bu zaman müştərilərin ora sərbəst şəkildə gedişi mümkün olacaqdır. Bu da turizm axınının ora güclənməsinə səbəb olacaq.


Bundan başqa, artıq Qafqaz Albaniyasının turizm marşrutu hazırlanır. Bu turizm marşrutunda Qafqaz Azərbaycanının Şəki, Zaqatala, Balakən, Gəncə, Qazax və Qarabağ bölgələri nəzərdə tutulur.


Bu marşrut üç hissədən ibarət olacaq. Eyni vaxtda, qədim Qafqaz Albaniyasının mədəni irsinin öyrənilməsinə gətirib çıxaracaq. Həmçinin, orada Qafqaz Albaniyasına məxsus maddi-mədəniyyət abidələrinin daha geniş təbliğinə səbəb olacaq.


Bu, bizim qədim dövrümüzün mədəniyyətinin və mədəni turizmin təbliği forması olacaq. Qafqaz Albaniyasının turizm marşrutunun fəaliyyətə keçməsi, məncə, ciddi töhfələrə səbəb olacaqdır".


Xəlilli Nigar