"Beynəlxalq ictimaiyyət Qəzzadakı soyqırıma görə İsraildən uzaqlaşır"

Bölmə: Dünya › ,
Tarix: 21:25 08.07.2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin Qəzzadakı soyqırımı zirvəyə çatdıqdan sonra, beynəlxalq sistemdə hətta İsrailin bəzi tərəfdarları da ondan uzaqlaşmağa başlayıb. Bu barədə o, 6–7 iyul tarixlərində Rio-de-Janeyroda keçirilən 17-ci BRİKS sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

 

“Soyqırımı törədən bir dövlətin yanında olmaq artıq heç kimə fayda vermir”, – deyə Türkiyənin baş diplomatı vurğulayıb.

 

Onun sözlərinə görə, bu gün İsraili açıq şəkildə dəstəkləyən ölkələrin sayını bir əl barmaqları ilə saymaq olar. “Bu ölkələr arasında, ilk növbədə, ABŞ var – bu ölkə bu siyasətə qarşı çıxmır. Lakin beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti artıq Qəzzada baş verənləri pisləyib və iki dövlətli həll variantını dəstəklədiyini bildirir”, – deyə nazir əlavə edib.

 

Hakan Fidan onu da qeyd edib ki, açıq mövqe olmasına baxmayaraq, beynəlxalq sistem tərəfindən hələ də konkret addımlar atılmayıb. “Bizim sözünü etdiyimiz pozuntu da məhz budur: təsirli bir mexanizmin olmaması. Bu isə analiz, yenidən düşünülmə və düzəliş tələb edir”, – deyə o vurğulayıb.

 

Ayan Əsgərova

Anadolu Agency