Yaponiyada geyilə bilən günəş panelləri təqdim edilib

Bölmə: Dünya › ,
Tarix: 21:24 08.07.2025

 

Yaponiyanın Osaka şəhərində 2025-ci il Ümumdünya Sərgisinə hazırlıqlar çərçivəsində günəş enerjisi ilə işləyən soyuducu jiletlər nümayiş etdirilib.

Yalnız 4 qram ağırlığında olan ultra nazik və elastik günəş panelləri ilə təchiz edilən bu jiletlər boyun nahiyəsinə yerləşdirilib və bədənə istilik tənzimləyici enerji verir. Layihə Toyota Group-a daxil olan Toyoda Gosei, Enecoat Technologies və tekstil istehsalçısı Seiren şirkətləri tərəfindən birgə hazırlanıb.

Jiletlərdə istifadə olunan panellər ənənəvi silikon texnologiyasından fərqli olaraq perovskit kristallarından hazırlanıb. Bu panellər daha yüngül və çevik olmaqla yanaşı, zəif işıqda — hətta buludlu və ya süni işıq mühitində belə enerji istehsal edə bilir.

Texnologiyanın əsas üstünlüyü zəif işıqlı şəraitdə enerji istehsalı imkanıdır. Lakin perovskit panellərin qısa ömrü və bəzi hallarda tərkibində qurğuşun olması onların geniş yayılmasına əsas maneə kimi göstərilir. Bu səbəbdən alimlər davamlılığı artırmaq və zərərli maddələrin təsirini azaltmaq üçün tədqiqatlarını davam etdirirlər.

Texnologiya hazırda Expo 2025 sərgisində real şəraitdə sınaqdan keçirilir. Gələcəkdə bu panellərin ağıllı saatlar, telefonlar və digər geyilə bilən cihazlarda enerji mənbəyi kimi istifadəsi nəzərdə tutulur.

Mənbə: TRT Xəbər
Türkan Kərimli