Ukrayna “dost olmayan ölkələr”ə qarşı diplomatik qurum yaradır

Bölmə: Dünya › ,
Tarix: 21:58 08.07.2025

Ukraynanın Xarici İşlər naziri Andriy Sıbixa Xarici İşlər Nazirliyində genişmiqyaslı islahatlara başlandığını elan edib. Bu çərçivədə Rusiya, Belarus və Şimali Koreya kimi “dost olmayan ölkələr”ə qarşı fəaliyyət göstərəcək yeni bir idarənin yaradılacağı bildirilib.

 

Yeni struktur Birinci müavin səviyyəsində fəaliyyət göstərəcək və Rusiyanın təcavüzünü dəstəkləyən dövlətlərə qarşı tədbirlərin koordinasiyası ilə məşğul olacaq.

 

Nazir qeyd edib ki, bu dəyişikliklər Ukraynanın müharibə dövründəki prioritetlərini və qlobal diplomatik tendensiyaları əks etdirir. Eyni zamanda, NATO ilə inteqrasiya məsələləri üçün ayrıca şöbə yaradılacaq, bu sahə əvvəllər Avropa İttifaqı ilə birgə idarə olunub.

 

Diplomatik hazırlığın gücləndirilməsi üçün Ukraynanın Diplomatik Akademiyası genişləndiriləcək və dünya üzrə Ukrayna diasporası ilə əlaqələri dərinləşdirəcək ayrıca şöbə də təsis ediləcək. Bundan əlavə, diplomatiyada süni intellektin tətbiqi üzrə ayrıca bir sektorun yaradılması da planlaşdırılır.

 

“Bu qərarlar müharibə şəraitində zəruridir və effektiv, fokuslanmış diplomatiyanın qlobal standartlara uyğun təmin olunmasına yönəlib", – deyə Sıbixa bildirib.

 

Xatırladaq ki, Prezident Volodimir Zelenski diplomatik islahatları ölkə üçün milli prioritet elan edib.

 

ANEWZ

Gülhüseynova Güllər