İran-İsrail münasibətləri-Yeni hərbi toqquşma ehtimalı artır

Tarix: 13:31 09.07.2025
İran minlərlə raket və pilotsuz təyyarəni təhlükəsiz yerlərdə toplayıb. İran ölkəni istənilən təcavüzdən müdafiə etməyə hazır vəziyyətə gətirilmiş bir neçə min raket və pilotsuz uçuş aparatını təhlükəsiz ərazilərdə yerləşdirib.
Bu barədə İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin baş hərbi müşaviri, general-mayor Yəhya Rəhim-Səfəvi məlumat verib. Onun sözlərinə görə, ötən ay 12 gün davam edən hərbi qarşıdurmaya son qoyan atəşkəsə baxmayaraq, İsrailin İrana yenidən hücum edəcəyi ilə bağlı xəbərlər fonunda İran ordusu hər bir ssenariyə tam hazırdır.
General-mayor bildirib ki, hələlik ölkənin Hərbi Dəniz Qüvvələri və SEPAH-ın Qüds Qüvvələri kimi əsas hərbi strukturları səfərbər edilməyib və indiyədək İran ordusu İsrailin hücumlarını dəf edərkən bütün potensialından istifadə etməyib.
"Biz artıq bir neçə min raket və pilotsuz təyyarə istehsal etmişik və onların hamısı təhlükəsiz yerlərdə saxlanılır", – deyə o qeyd edib.
Səfəvi əlavə edib ki, İranın sülhməqsədli nüvə enerjisi və raket istehsalı tamamilə yerli bilik, zəka və elmin məhsuludur və bu səbəbdən də onu məhv etmək mümkün deyil.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail və İran arasında yeni hərbi toqquşmanın baş verməsi ehtimalı kifayət qədər yüksək olaraq qalmaqdadır:
"Bu riskin mövcudluğu bir sıra amillərlə şərtlənir ki, onların mərkəzində ABŞ-nin regionla bağlı geosiyasi baxışları dayanır. Artıq uzun illərdir, xüsusilə də ötən əsrin sonlarından etibarən ABŞ-nin Yaxın Şərqdə və Fars körfəzi regionunda yeni geosiyasi düzən formalaşdırmaq niyyəti mövcuddur. Bu kontekstdə 2003-cü ildə İraqda baş verənlər və 2011-ci il Ərəb Baharı hadisələri də həmin strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
İran uzun illərdir ki, uranın zənginləşdirilməsi proqramını davam etdirir. 2015-ci ildə Qərb dövlətləri ilə İran arasında nüvə razılaşması əldə olunmuşdu. Lakin ABŞ-nin hazırkı prezidenti Donald Tramp birinci dəfə hakimiyyətə gələn zaman həmin razılaşmadan birtərəfli qaydada çıxdı. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatlarına görə, İran bu razılaşmanın şərtlərinə əməl edirdi. Belə olan halda ABŞ-nin bu addımı sual doğurur: əgər İran öhdəliklərini yerinə yetirirdisə, o zaman Vaşinqtonun məqsədi nə idi? Görünən odur ki, əsas məqsəd təkcə nüvə proqramını dayandırmaq deyil, həm də İranda rejim dəyişikliyinə nail olmaqdır. ABŞ və İsrail rəsmiləri bu niyyəti bir neçə dəfə açıq şəkildə bəyan ediblər.
İyunun əvvəlində İsrailin İran ərazisinə endirdiyi hava zərbələri vəziyyəti daha da gərginləşdirdi. Bu hücumların ardınca İran da cavab reaksiyası göstərdi və İsrailin Müdafiə Ordusuna (SAXAL) aid obyektləri vurdu. İsrail rəsmiləri də İranın bu zərbələri həyata keçirdiyini etiraf etdilər. Hərçənd rəsmi açıqlamalarda itkilərin böyük olmadığı bildirilsə də, bu hadisə İranın cavab gücünün mövcudluğunu ortaya qoydu. Eyni zamanda ABŞ və İsrail tərəfindən İrana endirilən hücumlar nəticəsində yüksək rütbəli iranlı hərbçilər həlak oldu, üç nüvə obyektində isə ciddi dağıntılar qeydə alındı. İran da bu faktları təsdiqlədi.
Hazırda ABŞ-nin rəsmi məlumatına görə, İranda 60 faizə qədər zənginləşdirilmiş 400 kiloqram uran ehtiyatı mövcuddur. Bu isə nüvə silahı hazırlamaq üçün son həddə – yəni 90 faizlik zənginləşdirməyə çox yaxın bir səviyyədir. ABŞ-nin mövqeyi ondan ibarətdir ki, məqsədindən asılı olmayaraq İran uran zənginləşdirməməlidir. İran isə bu proqramın dinc məqsədlərlə həyata keçirildiyini və ondan imtina etməyəcəyini bildirir. Bu isə onu göstərir ki, tərəflər arasında ortaq mövqe yoxdur və diplomatik çıxış yolu hələlik görünmür.
İsrailin iddiasına görə, İran ona qarşı proksi müharibəni davam etdirir. Livanda yerləşən “Hizbullah” və Yəməndəki husilər tərəfindən İsrailə qarşı həyata keçirilən raket hücumları, İsrailin isə bu hücumlara cavab olaraq həmin qrupların mövqelərinə zərbələr endirməsi, regionda gərginliyin daha da dərinləşdiyini göstərir. Həm “Hizbullah”, həm də husilərin İran tərəfindən dəstəkləndiyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir".
Politoloq əlavə edib ki, eyni zamanda İran da yaxın gələcəkdə İsraildən mümkün hücumlar gözləyir və öz hərbi hazırlığını artırır:
"Bu kontekstdə İranın Çindən aldığı yeni zenit raket kompleksləri xüsusi əhəmiyyət daşıyır. Sözügedən sistemlər Rusiyanın S-300 kompleksləri əsasında hazırlanıb və həm ballistik raketlərə, həm də təyyarə və helikopterlərə qarşı müdafiə imkanları təqdim edir. İran rəsmiləri həmçinin çoxsaylı raket və dron sistemlərinin hazır vəziyyətdə təhlükəsiz bölgələrdə saxlandığını açıqlayıblar. Bu da göstərir ki, İran mümkün yeni hücumlara hərtərəfli şəkildə hazırlaşır.
Bununla yanaşı, diplomatik cəhdlər də davam etdirilir. ABŞ prezidentinin nümayəndəsi Viltkl Norveçin Oslo şəhərində İranın Xarici İşlər Naziri Abbas Arakçi ilə danışıqlar aparıb. Bu danışıqların davam etdirilməsi ehtimalı var. Lakin bu, hərbi qarşıdurma ehtimalını tam aradan qaldırmır. Donald Tramp İranın yüksək rütbəli hərbçilərinin öldürülməsindən sonra açıq şəkildə bəyan etmişdi ki, “danışıqlarda sərt mövqe tutanlar artıq aradan götürülüb və indi diplomatik masaya qayıtmaq mümkündür.” Bu isə ABŞ-nin danışıqlar yolu ilə öz məqsədinə çatmaq niyyətini göstərir. İran isə nüvə proqramından birdəfəlik imtina etmək fikrində deyil.
Nəticə etibarilə, Qərbin İranla bağlı konkret və dəyişməz məqsədləri olduğu açıq-aşkardır. Həmin məqsədlərə çatmadan İran və İsrail arasında qarşıdurma riski yüksək olaraq qalacaq. Mövcud ziddiyyətlər və qarşılıqlı hərbi hazırlıqlar bu riski real və yaxın perspektivdə mümkün edir. Yəni bölgədə eskalasiya potensialı yüksəkdir və bu gərginliyin müharibəyə çevrilməsi ehtimalı nəzərdən qaçırılmamalıdır".
Aytən Ağazadə