Namiq Ələskərov “Zirə”də

Tarix: 19:28 06.08.2025
Azərbaycan futbolunda yay transfer dönəminin diqqətçəkən keçidlərindən biri reallaşıb. Təcrübəli yarımmüdafiəçi Namiq Ələskərov “Zirə” PFK ilə 2+1 illik müqavilə imzalayıb. 30 yaşlı futbolçu daha əvvəl “Qarabağ”, “Neftçi”, “Bursaspor” və “Sabah” kimi klublarda forma geyinib. Onun “Zirə”yə keçidi həm komandanın heyətini gücləndirmək planları, həm də Premyer Liqada artan rəqabət baxımından maraq doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən İdman şərhçisi Ceyhun Rzayev bildirib:
“Namiqin ‘Sabah’dakı çıxışına baxsaq, son bir il enişdədir. Zədələri olmuşdu. Komandaya qayıtsa da, məşqçi ona çox da şans vermirdi. Əksər hallarda ehtiyatda qalırdı və yalnız sonradan 15-20 dəqiqə meydanda olurdu. Ümumilikdə desək, hazırda formada deyil”.
Rzayevin sözlərinə görə, Ələskərovun əsas üstünlüyü onun universallığıdır:
“Namiq universal futbolçudur. Üç-dörd mövqedə, xüsusilə hücum xəttində istənilən rolda oynaya bilər. Zirəyə baxsaq, hücum xəttində çatışmazlıqlar var. Saki Osmanı satdılar, Utiklə bağlı problemlər var, Volkov isə əvvəlki performansında deyil. Zirəyə güclənmək lazımdır”.
Rzayevin fikrincə, bu transferin effektivliyi daha çox futbolçunun özündən asılı olacaq:
“Bu transfer elə də ‘vau’ bir transfer deyil. Təəccüblü keçid deyil. Amma hər şey Namiqin öz əzmi və istəyi ilə bağlıdır. Əgər futboldan doymayıbsa, özünü yenidən sübut etmək istəyirsə, beş il əvvəlki Namiqi meydanda göstərmək əzmi varsa, ‘Zirə’ üçün faydalı ola bilər. Bunu ancaq çempionatın gedişində görəcəyik”.
Solmaz Muradova