Milorad Dodik vəzifəsindən uzaqlaşdırılıb

Bölmə: Dünya › ,
Tarix: 19:32 06.08.2025

Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası (MSK) yekdilliklə Serb Respublikası (SR) prezidenti Milorad Dodiki vəzifəsindən uzaqlaşdırıb.


Komissiya üzvləri paytaxt Sarayevoda Apellyasiya Məhkəməsinin Dodik barəsində çıxardığı qərarı — bir il azadlıqdan məhrumetmə və altı il müddətinə siyasi vəzifə tutmaq qadağasını — təsdiqlədikdən sonra toplaşıblar. Bu cəza Dodikin “Ali Nümayəndə Ofisinin (OHR) qərarlarına hörmətsizlik” etməsi ilə əsaslandırılıb.


Yığıncağın nəticəsinə əsasən, MSK rəsmi olaraq Dodikin Serb Respublikasının prezidenti vəzifəsindən uzaqlaşdırıldığını elan edib.


Dodik sosial şəbəkə X-də bu qərara kobud ifadələrlə reaksiya verib.
“Bu, Sarayevonun mənimlə bağlı atacağı son addımdır”, – deyə o yazıb.


Dodikin vəkilləri onun MSK-nın qərarından apellyasiya şikayəti vermək hüququnun olduğunu bildiriblər və məsələnin Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinə çıxarılacağını açıqlayıblar.


Mövcud qanunvericiliyə görə, apellyasiya müddəti başa çatdıqdan sonra Serb Respublikasında 90 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.


Anadolu Agency
Ayan Əsgərova