ABŞ Quru Qoşunları "Patriot" batalyonlarının sayını 18-ə çatdıracaq

Bölmə: Siyasət › ,
Tarix: 21:31 06.08.2025

 


Məlumata görə, yeni batalyonlardan biri Quam adasında yerləşdiriləcək və burada "Patriot" sistemləri ilə silahlanmış birləşmiş hərbi hissə fəaliyyət göstərəcək.


Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, xüsusilə də Rusiya, Çin və Şimali Koreya ilə rəqabət və qarşıdurma kontekstində Patriot sistemlərinin Amerikaya böyük üstünlük qazandıracağı şübhəsizdir:


"Patriot raket sistemləri Amerikanın ən güclü strateji silahlarından biri sayılır. Bu Patriot sistemləri əsasən hava hücumundan müdafiə qurğuları kimi xarakterizə olunur. Çox geniş bir ərazidə, bir neçə yüz kvadrat kilometr məsafədə raketləri zərərsizləşdirmək gücündə olan silah sistemidir. Demək olar ki, son 10-15 ildə bu, Amerikanın silahlanmasında ən güclü vasitələrdən biri hesab olunur. Texniki göstəricilərinə görə Patriot sistemlərinə bərabər tutulan ikinci bir sistem dünyada yoxdur. Xüsusilə də son vaxtlar Ukrayna müharibəsinin gedişində baş verən ciddi dəyişikliklər əsasən Patriot sistemlərinə bağlanır. Amerikanın Patriot sistemlərini Ukraynaya verməsi hərbi ekspertlərin fikrincə, Ukrayna müharibəsində ciddi və həlledici dönüş nöqtəsinin yaranmasına səbəb ola bilər. Belə bir şəraitdə Amerikanın Patriot bataryalarının sayını artırması onun strateji məqsədlərindən xəbər verir. Açıq şəkildə görünür ki, Amerika dünyanın mümkün qədər çox nöqtəsində və müxtəlif istiqamətlərdə öz rəqiblərini və düşmənlərini üstələmək niyyətindədir. Bu baxımdan, Patriot bataryalarının artırılması Amerikanın qlobal gücünü xeyli dərəcədə yüksəldəcək.

 

Xüsusilə də Rusiya, Çin və Şimali Koreya ilə rəqabət və qarşıdurma kontekstində Patriot sistemlərinin Amerikaya böyük üstünlük qazandıracağı şübhəsizdir. Quam adasında uzun müddətdir ki, Amerikanın hərbi bazalarının genişləndirilməsinə rast gəlinmirdi. Sanki Quam adası Amerikanın dondurulmuş hərbi bazası statusunda fəaliyyət göstərirdi. Lakin indi görünür ki, Amerika Quam adasını yenidən fəal hərbi bazalar sisteminə daxil etmək niyyətindədir. Patriot sistemlərinin burada yerləşdirilməsi Amerikanın öz müdafiəsini gücləndirməyə yönəlmiş addımlarından biridir. Məsələn, bu sistemlərin Ukraynada və ya Avropada yerləşdirilməsi daha çox hücum xarakterli taktiki gediş kimi dəyərləndirilə bilərsə, Quam adasında yerləşdirilməsi müdafiəyə hazırlaşma niyyətini göstərir. Bu da onu göstərir ki, Amerika strategiyasını formalaşdırarkən həm hücum, həm də müdafiə xarakterli tədbirləri paralel şəkildə həyata keçirməyə çalışır. Mənim fikrimcə, Quam adasında Patriot bataryalarının artırılması Amerikanın təkcə hücuma deyil, eyni zamanda mümkün təhdidlərə qarşı müdafiəyə də ciddi şəkildə hazırlaşdığını göstərən əhəmiyyətli bir əlamətdir".


Səmayə Səftərova