Görüşün nəticəsini heç Tramp özü bilmir-Uşakov

Bölmə: Siyasət › ,
Tarix: 21:33 06.08.2025

 

Vladimir Putinlə Stiven Uitkoff arasında faydalı və konstruktiv söhbət olub.

 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, tərəflər arasında Ukraynadakı müharibə və Rusiya ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri məsələsi müzakirə olunub.

Uşakov danışıqların təfərrüatını açıqlamaqdan imtina edib, bildirib ki, nəticə barədə heç Trampın özü belə məlumatlı deyil.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, belə görüşlərin həlledici əhəmiyyəti yoxdur:

 

“Bu kimi görüşlər formal xarakter daşıyır və heç bir həlledici əhəmiyyəti yoxdur. ABŞ Prezidentinin Rusiya ilə bağlı konkret mövqeyi bəlli deyil və atdığı addımlar nəinki Moskvanı çəkindirir, əksinə onu arxayın salır. Donald Tramp üçün vacib olan yalnız biznes maraqları və dövlətin varlanmasıdır. Rusiyanın siyasi manevrlərinə qarşı konkret və ciddi mövqe ortaya qoya bilmir. Rusiya üçün ABŞ ilə münasibətlər lazımdır və guya müharibənin aqibəti ilə bağlı müəyyən işlər görülürmüş kimi görüntü yaratmaq məqsədi daşıyır. Əslində isə bu görüşün heç bir təsiri, əhəmiyyəti yoxdur. Görüşün nəticəsindən Trampın da hələ məlumatsız olması real nəticənin olmadığını bir daha sübut edir. Tramp dövləti hissləri və zövqü ilə idarə edir. Onun xarakterinə güclü və daha üstün olanla dost olmaq hakimdir. Rusiya da onun gözündə Ukraynadan daha güclü və üstündür. Ötən proseslərdə Ukrayna Prezidentini aşağılayıb Rusiya Prezidentini öyməsi də təsadüfi deyildi.


Bu hallar davam etdikcə Qərb daha məsuliyyətli olmağa başlayır. Çünki ABŞ Prezidentinin ziqzaqlı, bəzən də tərəddüdlü, qeyri-müəyyən siyasət yürütməsi, ciddiyyətdən kənar bəyanatları Avropanı Ukrayna mövzusunda daha diqqətli və qətiyyətli olmağa sövq edir. Rusiya ilə Qərb arasında danışıqlar və bu cür görüşlərin davam etməsi gözlənilir. Lakin bunun təsirli olması üçün daha effektiv rıçaqların olması vacibdir. Hər bir halda ABŞ-nin Ukraynaya hərbi və siyasi dəstəyi qənaətbəxş deyil. Bunu Rusiya da bilir. Rusiyaya ciddi təsir və təzyiq yalnız ABŞ tərəfindən edilə bilər. Bunun isə hələ real nəticəsi görünmür. Ola bilsin, danışıqlardan heç bir müsbət nəticə hasil olmayıb. Rusiya Prezidenti müharibəni və işğalı davam etməkdə israrlı görünür. Şübhəsiz ki, bunun müqabilində Fransa və Britaniyanın nüvə sazişi də daxil olmaqla Qərbin "axırıncı güllə"si hələ atılmayıb. Lakin ABŞ-nin, ələlxüsus da Donald Trampın siyasi mövqeyindəki çəkingənlik və təsirli addım atmamaq Rusiyanın sanki “şıltaqlığını” artırır. Onsuz da Rusiyanın bu həddə beynəlxalq hüququ pozması və işğalları az zamanda ABŞ-nin də maraqlarına ciddi şəkildə problem yaradacaq. Bunun qarşılığında da Qərblə birgə ABŞ rəhbərliyi, əsasən də Konqres həlledici qərar qəbul etməyə məcbur olacaq”.

Lalə Qurbanlı