Türk dünyası üçün strateji imkanlar və geosiyasi çəkişmələr-Zəngəzur dəhlizi

Bölmə: Siyasət › ,
Tarix: 19:11 23.04.2025

"Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana və Zəngəzur dəhlizi açılarsa, Çindən Londona qədər Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək" bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Anadolu” agentliyinə müsahibəsində deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Ağ Partiya sözçüsü,siyasi analitik Cavanşir Abbaslı Zəngəzur dəhlizinin açılmasının Azərbaycan, Türkiyə və Rusiya üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb:

 

"Birol Akgün təbii ki, bu fikirləri çox yerində səsləndirilib və əslində burada ciddi siyasi mesajlar da var. Burada sayın səfir son günlərdə türk dünyasına xəyanət edən məlum türk ölkələrinə də bir mesaj göndərir. Burada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi də önə çəkilir və türk dünyasının birliyinin bu istiqamətdə varlığının olmasının vacibliyinə də işarə edilir. Eyni zamanda, bütün bu istiqamətlərdə infrastruktur çatışmamazlığı var ki, burada da Zəngəzur dəhlizinin açılmasında maraqlı olan ölkələrin bunu aradan qaldırması vacibdir. Bilirsiniz ki, Ərdoğanın təklif etdiyi "3+3" formatında yer alan ölkələrdən ən çox İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. O da gec-tez razılaşmağa məcbur qalacaq. Düşünürəm ki, layihənin reallaşması üçün ortada olan infrastruktur çatışmamazlığını aradan qaldırmaq Zəngəzur dəhlizinin açılmasında maraqlı olan ölkələr üçün elə də çətin görünmür".

 

Siyasi analitik Qərb dövlətlərinin heç bir halda Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadıqlarını da diqqətə çatdırdı:

 

"Bu dəhlizin açılmasında ən çox maraqlıdır, Azərbaycan, Türkiyə və bir də Rusiya. Bu 3 ölkəni Qərb dünyası istəyirmi? Xeyr. Belə bir layihə gerçəkləşərsə, burada əsas tərəflər hansı ölkələr olacaq, yuxarıda adını sadaladığım ölkələr. Yəni Qərb dünyası sona qədər bu dəhlizin açılmasında maraqlı olmayacaq. Amma mane olmaq imkanları da çox azdır. Ermənistan üzərindən mane olmağa çalışardılar, o da Ermənistanın özü Rusiyanın forpostluğundan çıxa bilmir. Gürcüstana gəlincə, hazırkı gürcü iqtidarı heç də birmənalı qərbyönümlü siyasət yürütmür. Əvvəl Rusiyaya görə "3+3" formatında yer almaqda, Zəngəzur dəhlizinin açılması layihəsində maraqlı görünməsə də, artıq son zamanlarda Rusiya ilə buzlar əriyib. Demək İran qalır ki, cənub qonşumuzun da Qərblə münasibətləri aydındır. Onun üçün də Qərbin bu layihənin reallaşmasında maraqlı olmadığı heç nəyi dəyişmir. Ermənistanın nicat yollarından biri də Zəngəzur dəhlizi layihəsində yer almasıdır. Təbii ki, Ermənistan bu layihədə yer alarsa, siyasi və iqtisadi yöndə müəyyən dərəcədə müsbətə doğru nəticələr əldə edə bilərlər. Ağıllarını başlarına yığmalı, bu fürsəti əldən buraxmamalıdırlar. Əks təqdirdə yenə də zərbə özlərinə dəyəcək. Zatən Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır və artıq bunu qəbullanmalıdırlar. Başqa yolları da onsuzda yoxdur. İqtisadi-sosial durumları çox aşağıdır. Siyasi yöndə müstəqil xarici siyasət yürüdə bilmirlər. Qarşıdakı zamanda Rusiya onlara bir daha yerini göstərəcək. Yəni Ukrayna savaşı bitəndən sonra xarici siyasətdə Paşinyanın büdrəmələri unudulmayıb. Onun üçün də İrəvan özünü sığortalamaq üçün Zəngəzur dəhlizinin açılmasına azacıq da olsa, olan öz töhfələrini verməlidir. Bunu etməsə, itirən yalnız və yalnız özü olacaq. Zatən dediyim kimi, bu dəhliz açılacaq və əsas 3 ölkə söz sahibi olacaq, Azərbaycan, Türkiyə və Rusiya. Təbii ki, İran ağıllanıb tez fikrindən daşınsa, o da əsas söz sahiblərindən biri olacaq".


Qəmər Kazımzadə