Trampdan Qəzza ilə bağlı iddia

Tarix: 20:49 23.04.2025
ABŞ Prezidenti Tramp qeyd edib ki, HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyinə imkan verməyəcəyik.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ hazırda Yaxın Şərqin yenidən dizayn olunmağına cəhd göstərir:
"Bu baxımdan ABŞ-nin İrana təzyiqləri situasiyanın tamamilə dəyişdirilməsinə yönəlib. Buna görə Qəzzada yeni idarəçiliklə bağlı ABŞ-nin planları da məhz yeni Yaxın Şərq düzəninə uyğunlaşdırılır. HƏMAS-ın artıq məğlub olmaq üzrə olduğu və yaxın gələcəkdə siyasi səhnədən çəkilmə ehtimalı getdikcə artmaqdadır. Hətta Fələstin muxtariyyətində HƏMAS-a qarşı müəyyən etirazların olduğu haqqında da məlumatlar mövcuddur. Ancaq bu prosesin nə qədər çəkəcəyi hələlik bəlli deyil. Təbii ki, ABŞ bu məsələdə israrlı olacağını qətiyyən gizlətmir. Həm HƏMAS-ın siyasi səhnədən çəkilməsinə, həm də İranın digər proksi qüvvələrinin, o cümlədən Husilərin də sıradan çıxarılmasına göstərilən cəhdlər yaxın gələcək üçün regionla bağlı xüsusi planların olduğunu göstərir. Hesab etmək olar ki, ABŞ Yaxın Şərqlə bağlı artıq prinsipial qərarlarını verib və regionda böyük dəyişikliklərin olma ehtimalı yüksəkdir. Bu prosesdə də ümumi şəkildə sülhə hansı səviyyədə töhfə veriləcəyi hələlik müəmmalıdır. Çünki Fələstindəki problemin həllinin əsas yolunun iki dövlət prinsipi olduğu barədə beynəlxalq məkanda iddialar irəli sürülür. Amma hələlik bu problemin həlli istiqamətində qətiyyətli və prinsipial addımların atıldığı müşahidə olunmur. Yəni, belə anlaşılır ki, ABŞ hazırda regionda yaşayan insanların və yaxud orda yerləşən ölkələrin maraqları barədə o qədər də ciddi şəkildə düşünmür. Daha çox özünün maraqları çərçivəsində yeni bir Yaxın Şərq modeli yaratmağa can atır və bu modelin orda yaşayan insanların həyatına hansı səviyyədə müsbət təsir göstərəcəyi isə hələ ki, müəmmalı olaraq qalmaqdadır".
Billurə Quliyeva