Azərbaycan-Çin Münasibətlərində Yeni Mərhələ

Bölmə: Siyasət › ,
Tarix: 21:09 23.04.2025

 

Azərbaycan ilə Çin arasında güc strukturları sahəsində əməkdaşlığın inkişafı son illərdə diqqətçəkən istiqamətlərdən birinə çevrilmişdir. Regional və qlobal təhlükəsizlik çağırışları fonunda hər iki ölkə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün praktiki addımlar atmağa başlayıb. 

 

Məsələ ilə bağlı siyasi şərhçi Tural Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, tarixən bu iki ölkə arasında hərbi əməkdaşlıq mövcud olmasa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra əsasən Qərb ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlıq edib, hərbi və silah sahəsində isə daha çox Rusiya ilə işbirliyi qurub:

 

"Çinlə Azərbaycan arasında güc strukturları sahəsində əməkdaşlıq mənim fikrimcə müsbət nəticələr verir. Çünki Çin bu gün dünyanın həm iqtisadi, həm də hərbi baxımdan əsas güclərindən biridir. Bu hərbi güc əsasən texnologiya yönümlüdür və Azərbaycanın belə bir dövlətlə əməkdaşlıq etməsi, məncə, yalnız ölkəmizin maraqlarına xidmət edə bilər. Nəzərə alsaq ki, Çin həm iqtisadi, həm də texnoloji baxımdan ciddi irəliləyiş əldə edib, bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına cavab verir.Çin hərbi aviasiya, müasir pilotsuz uçuş aparatları, kosmik araşdırmalar və digər silah-sursat sahələrində dünya səviyyəsində söz sahibi olan bir ölkədir. Azərbaycan bu gün İsrail, Rusiya və Türkiyə kimi dövlətlərlə əməkdaşlıq edir. Lakin əlavə alternativlərə malik olmaq ölkəmizin hərbi potensialının daha da şaxələnməsi baxımından əhəmiyyətlidir".

 

Ekspert həmçinin qeyd edib ki, Bu əməkdaşlıq regionda təhlükəsizlik balansına da təsir edəcək:

 

"Əsas sahələrdən biri hərbi sahə olsa da, texnologiyanın tətbiq sahələri çox genişdir. Çin silah sənayesi ilə yanaşı, avtomobil və digər istehsal sahələrində də ön sıralardadır. Bu texnoloji təcrübənin Azərbaycanda tətbiqi yalnız fayda gətirə bilər. Ən əsası isə Çin investisiyasının Azərbaycana cəlb olunması olduqca vacibdir. Çin böyük bir investisiya potensialına malikdir və bu, Azərbaycan iqtisadiyyatını iki-üç dəfə böyütmək gücündədir. Əlaqələrin genişlənməsi ilə mütəxəssislərimiz də Çin təcrübəsindən faydalanaraq müxtəlif sahələrdə inkişaf edə bilər.Təbii ki, Çinlə yaxınlaşma Qərb və ABŞ ilə münasibətlərə müəyyən təsir göstərə bilər. Lakin Azərbaycanın balanslı xarici siyasət yürütmək təcrübəsi var. Məsələn, eyni anda Rusiya, ABŞ və Avropa İttifaqı ilə yüksək səviyyəli münasibətləri davam etdirə biliriksə, niyə də Çinlə olmasın? Qərb ölkələri təbii olaraq Çinlə Azərbaycan arasında sıx münasibətlərin inkişafını istəməyə bilər. Lakin burada əsas məsələ Azərbaycanın dövlət və xalq maraqlarıdır. Beynəlxalq münasibətlərdə hər bir ölkə Azərbaycanın öz prioritetlərini müəyyənləşdirməsinə hörmətlə yanaşmalıdır".

 

Güllər Gülhüseynova