Aİ missiyası sərhəddə: Çəkilişlər sülhə, yoxsa gərginliyə xidmət edir?

Tarix: 21:34 23.04.2025
Aprelin 22-də Ermənistandakı Avropa İttifaqı (Aİ) missiyasının nümayəndələri bu ölkənin silahlı qüvvələrinin Gorus rayonunun Xanəzah kəndi istiqamətində yerləşən döyüş mövqeyinə gələrək foto və video çəkilişləri aparıblar. Bu fakt bir sıra suallar doğurub.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan artıq dəfələrlə Aİ-nin mülki missiyasının Ermənistan ərazisindəki fəaliyyəti ilə bağlı narahatlığını ifadə edib:
"Xatırlatmaq istərdim ki, 2022-ci ildə Praqa görüşü çərçivəsində Aİ-nin mülki missiyasının Ermənistana göndərilməsi qərarı qəbul olunarkən, Azərbaycan tərəfinin razılığı alınıb. O zaman Aİ rəsmiləri bildirirdilər ki, bu missiya sərhəd komissiyasının fəaliyyətinə dəstək verəcək və bölgədə etimad mühiti yaradacaq. Azərbaycan isə məhz bu izahatlara əsaslanaraq razılığını verib.
Lakin sonrakı mərhələdə vəziyyət fərqli istiqamətdə inkişaf etdi. Əvvəlcə 40 nəfərlik heyətlə fəaliyyətə başlayan missiya, Azərbaycanın razılığı olmadan tərkibini genişləndirdi və fəaliyyət müddətini uzatdı. Hazırda isə əvvəllər yalnız iki ay üçün nəzərdə tutulan bu missiya, yeni qərara əsasən, 2027-ci ilə qədər Ermənistan ərazisində qalacaq. Bu isə onu göstərir ki, Avropa İttifaqı əslində sülh prosesinə dəstək vermək niyyətində deyildi.
Faktlar göstərir ki, Aİ "mülki missiya" adı altında əslində NATO-nun bölgədəki varlığını təmin edir. Kanadadan olan nümayəndələrin, eləcə də Fransa və Almaniyanın güc strukturlarının təmsilçilərinin missiyaya daxil edilməsi bu qənaəti gücləndirir. Bu isə Aİ-nin regionda hərbi mövcudluq yaratması anlamına gəlir və bu, təhlükəsizlik üçün ciddi təhdiddir".
Politoloq əlavə edib ki, Aİ missiyasının sərhəd bölgəsində çəkilişlər aparması onların kəşfiyyat fəaliyyəti ilə məşğul olduqları barədə şübhələr yaradır:
"Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlarda bu missiyanın dolayı şəkildə iştirak etməsi ehtimalı az deyil. Çünki çəkilişlər nəticəsində əldə edilən məlumatların Ermənistanla bölüşülməsi mümkündür. Azərbaycanın isə bu fəaliyyətlər üzərində nəzarət imkanları məhduddur. Belə hallar gələcək təxribatlara zəmin yaradır və regionda gərginliyi artırır.
Aİ-nin mülki missiyası sərhəd komissiyasına dəstək verməli və qarşılıqlı etimadı gücləndirməli idi. Lakin bu istiqamətdə onların heç bir səmərəli fəaliyyətini müşahidə etmirik. Digər tərəfdən, missiyanın fəaliyyət prinsipləri və dəqiq reqlamenti də müəyyən edilməyib ki, bu da əlavə narahatlıq doğurur.
Azərbaycan Prezidenti dəfələrlə bu məsələ ilə bağlı narahatlığını ifadə edib. Aydın görünür ki, missiyanın fəaliyyəti nə regionda sülhə, nə də təhlükəsizliyə xidmət edir. Azərbaycan tərəfi bu narahatlığı davamlı şəkildə beynəlxalq platformalarda səsləndirir. Sülh sazişinin layihəsində razılaşdırılmış əsas bəndlərdən biri – sərhəddə üçüncü tərəfin qüvvələrinin olmamasını – artıq Ermənistan da qəbul edib. Bu, Azərbaycanın prinsipial və ardıcıl mövqeyinin göstəricisidir.
Belə olan halda, Aİ missiyasının Ermənistanı tərk etməsi üçün əsas yaranır. Bu da sülhə gedən əsas yollardan biri olmalıdır. Azərbaycan bu istiqamətdə səylərini davam etdirir və iradəsini açıq şəkildə nümayiş etdirir.
Əgər Aİ doğrudan da Cənubi Qafqazda sülh və təhlükəsizlik istəyirsə, bunu konkret və səmimi addımlarla sübut etməlidir. Bu addımlardan biri də mülki missiyanın taleyi ilə bağlıdır. Azərbaycanın razılığı olmadan hər hansı addımın atılması yolverilməzdir. Missiyanın tərkibinin genişləndirilməsi və müddətinin uzadılması məhz bu kontekstdə xüsusilə qeyd olunmalıdır. Təəssüf ki, bu proseslərdə Azərbaycanın mövqeyi nəzərə alınmayıb.
Nəticə etibarilə, Aİ-nin mülki missiyasının regionda mövcudluğu arzuolunmazdır və Cənubi Qafqazda sabitlik və təhlükəsizlik sisteminin qurulmasına ciddi zərbə vurur".
Aytən Ağazadə