Pentaqon: "ABŞ artıq Avropanın təhlükəsizliyinə zəmanət verə bilməz"

Tarix: 22:59 24.04.2025
Amerika Birləşmiş Ştatları artıq Avropanın təhlükəsizliyinin yeganə zəmanətçisi rolunu oynaya bilməz.
TASS-a əsasən bildirilib ki, bu fikirləri ABŞ müdafiə naziri Piter Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları kollecində çıxışı zamanı səsləndirib: "ABŞ-nin Avropa təhlükəsizliyinin yeganə zəmanətçisi olduğu dövr artıq başa çatıb", -deyə Pentaqon rəhbəri bəyan edib.
Qeyd edək ki, bu açıqlama ABŞ-nin xarici siyasət prioritetlərindəki dəyişiklikləri əks etdirir. Eyni zamanda, bəyanat NATO-nun gələcək rolu ilə bağlı suallar doğurur.
Mövzu ilə əlaqədar siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, bu günün reallıqlarında təhlükəsizlik məsələsi bir çox aspektlərdən dəyərləndirilməlidir.
"Bu günün reallıqlarında təhlükəsizlik məsələsi bir çox aspektdən dəyərləndirilməlidir. Bura informasiya təhlükəsizliyi, iqtisadi təhlükəsizlik və s. aiddir. Yəni, güclü iqtisadiyyata malik olmaq özünü müdafiə edə bilmək üçün mühüm şərtlərdən biridir. Həmçinin hərbi təhlükəsizlik də buna daxildir və ona görə də nəzər almaq lazımdır ki, Avropa dövlətləri hərbi cəhətdən hər nə qədər zəif olsalar da, iqtisadi cəhətdən hələ də dünyanın aparıcı güc mərkəzlərindən biridirlər və bu iqtisadi güc imkan verir ki, onlar öz təhlükəsizliyini təmin etmək üçün yeni baza, yeni mexanizmlər formalaşdırsınlar. Əldə olan iqtisadi potensialı sosial xərclərlə yönəltmək Avropanı bu gün dünya siyasətində təhlükəsizlik baxımdan zəif olmasını şərtləndirən amillərdəndir. Avropa dövlətləri son 30-50 il ərzində ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra bütün diqqətlərini əhalinin sosial yaşam rifah halının yaxşılaşdırılmasına və müdafiə büdcəsinə verdilər. Belə olan halda təbii ki, insanlar rahat yaşamağa öyrəşiblər, heç kim əsgərliklə maraqlanmayır.Çünki əsgərlik bir çox məqamlarda qazanc mənbəyi kimidir. Yəni, bunun qarşısında sən maaş alırsan və daha yaxşı pul qazanırsan. Ona görə də sosial rifahı yaxşı olan bu xalqlar ordudan uzaqlaşıblar.Orduya pul az ayrıldığı üçün hərbi texniki imkanlar çox inkişaf etməyib. Yeni texnikalar ala bilməyiblər, yeni texnikalar istehsalı sərhətlənib.
Rusiya, Amerika və Çindəki kimi Avropada həddindən artıq hərbi texnika istehsal olmayıb və buna görə Avropa dövlətləri zəif olublar. Avropa dövlətləri əllərində olan maddi kapitalı artıq böyük bir hissəsini müdafiəyə xərcləsələr, 5-10 il ərzində onların sahib olduqları bilgi və texnoloji üstünlükləri imkan verir ki, yenidən o boşluqları müəyyən qədər aradan qaldırsınlar. O ki, qalır döyüşmək məsələsinə, burada da yenə bir müddət lazımdır ki, muzdlu ordular formalaşdırılsın. Bunlar Avropa vətəndaşlarından ola bilərsə, ya da kənar dövlətlərdən gələn miqrantlar və yaxud muzdlu əsgərlər hesabına formalaşdırıla bilər ki, Avropa gücünü qoruya bilsin. Bu da təbii ki, zaman alan strategiyadır.
Avropa dövlətləri onu göstərir ki, müharibəyə girmək istəmir və problemləri dinc yolla həll edib, amma öz maraqlarına uyğun həll etməyə çalışsınlar. Bu da artıq qeyri-mümkün sayılır. Amerikanın xarici siyasətindəki dəyişikliklər məsələsinə gəldikdə ,əslində, biz Amerikanın xarici siyasətində dəyişikliyin strateji dəyişiklik olduğunu söyləyə bilmərik. Amerika hələ də özünün beynəlxalq rəqibləri Çin və Rusiya ilə rəqabət çərçivəsindədir. Donald Tramp onların Amerikanı ötüb keçməməsi üçün çalışır və daha sərt addımlar atmaqla bu məqsədlərinə yiyələnməyi arzulayır.
Strateji olaraq, Amerika yenə yeni nöqtədən çıxış edir. Sadəcə ABŞ-nin taktika addımları dəyişir. Donald Tramp iddia edir ki, bu günə qədər NATO xərclərinin, ümumiyyətlə, Avropanın müdafiə mexanizminə xərclənən pulların böyük əksəriyyətini, 60-70, bəzən 80 faizini biz xərcləyirik və biz bunu artıq xərcləmək istəmirik. Ona görə də Donald Tramp Avropanın önünə şərt qoyub.
Əgər bu müttəfiqliyin davam etməsini istəyirsinizsə,onda xərclər bərabər bölüşdürülməlidir. Əgər iqtisadiyyat cəhətdən müttəfiq, yəni, qarşılıqlı ticarətin davam etməsini istəyirsinizsə, onda biz sizə nə qədər faiz qoyacayığsa, siz də bizdən o qədər faiz tələb edin və ya biz sizdən faiz tələb edək, yəni rüsum tətbiq etməyək istəyirsinizsə,siz də bizim məhsullara rüsum tətbiq etməyin. Bu da əslində, bir cəhətdən ABŞ-nin milli maraqları baxımından yanaşdıqda obyektiv səbəblər sayıla bilir.
Səbəblər sadəcə, ABŞ-nin bu günə qədər dünya siyasətindən yanaşması ondan ibarət idi ki, o özünü dünya polisi hesab edirdi və ona görə də bu dünya polisi olmaq iddiasının gətirdiyi
öhdəliklərini yerinə yetirmək üçün məcbur idi ki, küllü miqdarda vəsait xərcləsin və xərcləyirib. NATO xərclərinin 70%-ə qədər Amerikanın üzərində idi. Amma indi Donald Tramp bu taktikanı dəyişməyi planlıyır və yəni Donald Trampın hədəflədiyi məqsəd ondan ibarətdir ki,biz yenə müttəfiq olaraq qalaq, çünki bu dəqiqə Avropanı tamamən müttəfiq kimi silib atması Amerikanın özünün Rusiya və Çinə qarşı strateji müharibəsində, qarşı durmasında ciddi boşluqlar və məğlubiyyətinə səbəb ola bilər. Düşünürəm ki, ABŞ Avropanı bir dəfəlik müttəfiqlikdən silib ata bilməz. ABŞ düşünür ki, Rusiya onun üçün əsas təhlükə deyil. Əsas təhlükə Çindir. Deyə bilərik ki, Çin istənilən sahədə ABŞ ilə rəqabət halındadır. Çin gücləndikcə, dollara qarşı çıxa bilər. ABŞ-ni dünya super gücü edən əsas faktor dollardır. Donald Tramp bunları nəzərə alaraq, xarici siyasətində strateji hədəfi Rusiya və Çinə qarşı mübarizədir amma taktiki hədəfi Çindir. Bu səbəbdən də Ukrayna münaqişəsinə güzəştə gedir. Hətta ABŞ-nin Ukraynaya qarşı atdığı addımlar Rusiya tərəfindən xoş qarşılanır. Bu da yaxxın zamanda iki dövlət arasında buzların əriməsinə səbəb ola bilər. Rusiya ABŞ-nin yürütdüyü siyasəti yaxşı anlayır. Avropa İttifaqı müstəqil müdafiə strategiyaları hazırlamalıdır. Çünki hər ölkənin özünün milli maraqları var və bunun üçün çalışırlar. Ən yaxın müttəfiqlər belə zaman-zaman əks qütblərdə dayana bilərlər. Müdafiəsiz qalmamaq üçün müdafiə strategiyası hazırlamalıdırlar. Avropanın yenidən müdafiə qüvvəsi yaratmaq istəyi baha başa gələcək. Birinci olaraq, canlı qüvvə problemi həll olunmalıdır. İnsanları hərbə alışdırmaq məsələsi çətinlik yarada bilər, üsyanlar baş verə bilər, fəlakətli vəziyyət yarana bilər. Bunun üçün Avropa bu barədə ciddi hərəkət etməlidir. Düşünürəm ki, yenidən Türkiyə ilə razılaşaraq bunu həll edə bilər, ya da sıfırdan hərbi qüvvə qurmağa çalışmalıdır".
Səmayə Səftərova