Ukrayna Müharibəsi: Trampın Sülh Çağırışı və Nüvə Təhlükəsi

Tarix: 21:38 30.04.2025
“Ukraynada hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyası riskini təhdid edir”. Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib. Onun fikrincə, münaqişənin uzadılması fəlakətli nəticələrə gətirib çıxara bilər: “Müharibənin daha bir neçə il davam etməsi cəmiyyətlərin dağılmasına gətirib çıxaracaq. Bu, nüvə müharibəsinə çevrilə bilər. Münaqişəyə son qoyulması ABŞ administrasiyasının rəsmi siyasətidir. Prezident Donald Tramp öz komandasına hər vasitə ilə müharibəni dayandırmağı tapşırıb”.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, son dövrlərdə 3-cü dünya müharibəsinin başlamasının və nüvə silahından istifadə edilməsinin riski artmaqdadır. Ukrayna-Rusiya müharibəsi artıq qəbul olunmaz səviyyəyə çatmışdır. Rusiyanın XİN-i bir neçə gün öncə 3-cü dünya müharibəsinin başlama ehtimalının olduğunu deyib. Atəşkəs əldə edilməsə, bu proseslər heç də Ukraynanın xeyrinə olmayacaq. ABŞ prezidenti Donald Tramp deyib ki, proseslər bu cür davam etsə, Ukrayna məhv olacaq. Rusiyanı isə "böyük hərbi maşın" adlandırıb:
"2022-ci ildən etibarən Avropa İttifaqı Ukraynaya dəstək göstərdi. Bu, Ukraynanın vəziyyətinə hər hansısa bir formada təsir göstərmədi. Bəzi istisnaları nəzərə almasaq, Ukrayna döyüş meydanında məğlubiyyətlə üz-üzədir. Çox böyük itkilər verməkdədir. Öncəliklə bu sualı vermək lazımdır: Qərb bundan sonra Ukraynaya yardım etməyi davam etdirəcəkmi?".
Politoloqun sözlərinə görə, Qərb ölkələri Ukraynaya etdikləri yardımın qarşılığını da gözləyirlər. Rusiya döyüş meydanında irəlilədikcə bu, riskli bir hərbi investisiyaya çevriləcək. Rusiya ilə Qərb arasında geosiyasi bir müharibə baş tutur:
"Tramp Ukraynaya dəstəyin Rusiyaya iqtisadi və bank sanksiyalarının tətbiq edilməsi formasında da ola biləcəyini deyib. Yəni, Tramp Ukraynaya hərbi dəstək etməyəcək. Avropa İttifaqının aparıcı ölkələrində Ukraynaya dəstəyə qarşı çıxışlar baş tutur. Almaniya etirazçıları deyirlər ki, Ukrayna Almaniyanın 17-ci torpağına bənzəyir. Almaniya Ukraynanı dəstəkləməkdədir. ABŞ-nin iştirakı olmadan Ukraynaya ciddi yardım etmək mümkünsüz olacaq".
Aygün Babayeva