Ermənistandan növbəti saxta xəbər

Tarix: 22:58 24.04.2025
Azərbaycan Ordusunun bölmələrinin guya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı politoloq Samir Hümbətovun “İnformator.az”a verdiyi açıqlamaya görə, hər vəziyyətdə baş verən hadisəyə görə məsuliyyət Ermənistan Mərkəzi Hökumətinin üzərindədir:
“Ermənistan dövləti belə dezinformasiyalar tez-tez yayılmaqdadır. Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində atəşkəsi tez-tez pozmasını biz aşkar edirik və Azərbaycan Müdafiə Nazirliyi buna dair məlumatlar verir. Ermənistan tərəfinin bu cür dezinformasiyaları yaymasının əsas səbəblərini, ilk olaraq, Azərbaycanın verdiyi məlumatları qabaqlamağa cəhd kimi dəyərləndirə bilərik. İkinci olaraq isə, bunu sülh danışıqlarını pozmağa yönəlmiş bir addım kimi də düşünmək olar. Ermənistandakı mövcud hərbi-siyasi rejim başa düşür ki, artıq son mərhələyə daxil olunub və əldə edilən razılaşmalar icra olunmalıdır. Hesab edirəm ki, bu, Ermənistanın daxilində, istər siyasi hakimiyyət, istərsə də ordu daxilində baş verən təxribatların nəticəsi olaraq ortaya çıxır. Təbii ki, burada mərkəzi hakimiyyətin problemləri də qabarıq şəkildə görünməkdədir. Ancaq hər vəziyyətdə baş verən hadisəyə görə məsuliyyət Ermənistan Mərkəzi Hökumətinin üzərindədir".
Fatimə Şahverdiyeva