Zelenski daimi atəşkəsə çağırıb

Tarix: 23:10 24.04.2025
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə daimi atəşkəsin əldə olunması üçün yeni çağırış edib. O, xüsusilə mülki obyektlərə qarşı uzaqmənzilli zərbələrin yasaqlanmasını nəzərdə tutan qismən atəşkəsin başlanması məqsədilə Moskva ilə dialoqa hazır olduğunu bəyan edib. Bu təşəbbüs beynəlxalq ictimaiyyətin diqqətini yenidən Ukraynadakı humanitar vəziyyətə və sülh çağırışlarına yönəldib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım həm siyasi, həm də hərbi baxımdan strateji məqsədlər daşıyır. Onun sözlərinə görə, Ukrayna bu şəkildə dünya ictimaiyyətinə sülhə hazır olduğunu nümayiş etdirməklə yanaşı, Rusiya tərəfini təcavüzkar mövqedə göstərmək və diplomatik üstünlük əldə etmək niyyətindədir:
"Bu cür çağırışlar Ukraynanın Qərb tərəfdaşları ilə münasibətlərini daha da gücləndirmək və əlavə dəstək almaq baxımından da önəmlidir. Eyni zamanda, atəşkəs Ukrayna ordusuna döyüş meydanında mövqelərini bərkitmək, resurslarını yenidən toplamaq üçün mühüm fürsət ola bilər", – deyə Səhrablı qeyd edib.
Bununla belə, mütəxəssis bildirir ki, bu çağırışın real sülh prosesinə çevrilməsi üçün qarşı tərəfdən də adekvat və səmimi yanaşma tələb olunur. Səhrablıya görə, əgər tərəflər arasında etimad mühiti yaradılsa və ilkin humanitar razılaşmalara əməl olunsa, bu təşəbbüs daha genişmiqyaslı danışıqlar üçün zəmin yarada bilər:
“Ukraynanın təhlükəsizlik maraqları məsələsinə toxunan mütəxəssis qeyd edib ki, bu tip razılaşmaların yalnız beynəlxalq zəmanətlə müşayiət olunması kifayət etmir. "Əsas məsələ effektiv nəzarət mexanizmlərinin tətbiqi, sərhədlərin toxunulmazlığına təminat və mülki əhalinin qorunmasıdır. Ukrayna üçün suverenlik prinsipinin təmin olunması mütləqdir. Ekspertlərin fikrincə, hazırkı mərhələdə belə çağırışlar sülhə aparan yolun ilk addımları hesab oluna bilər. Ancaq münaqişənin mürəkkəb xarakteri nəzərə alındıqda, prosesin uğurlu nəticə verməsi üçün diplomatik səylərin artırılması vacibdir”.
Asiman Vəliyeva