Paşinyandan Bayraq Yandırılmasına Sərt Reaksiya

Tarix: 23:25 24.04.2025
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib. Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat xarakterli hesab edir. “Baş nazir bu cür təcrübəni tənqid edir, bu addımı məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılması, hökumət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat və təhrikedici xarakterli addımdır”, – deyə Baqdasaryan bildirib. Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribat törədilib. Belə ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib ki, Ermənilər həmişə hiylə, yalan və sürüşkənlik üzərində öz siyasətlərini qurmuşlar:
“Bu xüsusiyyət Ermənilərə xasdır. Onlar bununla dünya qarşısında kim olduqlarını nümayiş etdirirlər. Bu çox nalayiq, xoşa gəlməz, xarici dairələrdə də qınaq obyektinə çevriləcək bir addımdır və bu heç vaxt insanın təkmilliyindən, mənəvi saflığından xəbər verə bilməz.
Bir gün Mustafa Kamal Atatürk bir məclisə gələndə salonun qarşısında yerə Yunanıstanın bayrağını səribmişlər. O, maşını saxlayıb və maşından enərək yerdən bayrağı götürərək öpüb və gözünün üstünə qoyaraq deyib ki, bu bayrağın üzərində insanlar and içmiş, bu bayraq uğrunda qan tökərək həlak olublar. Bu çox gözəl bir nümunədir. Bu nümunə göstərir ki, həqiqətən də əsl kişilər, əsl döyüşçülər döyüş meydanında heç vaxt özlərini alçaltmazlar. Bu addımla Ermənilər əsl üzlərini göstərdilər. Əgər onların bu qədər gücü vardısa, döyüş meydanında bunu göstərərdilər. Azərbaycan Ordusu onlara dərs verdi. Bizim bir dənə də olsun fərarimiz olmadı, onlarda isə on beş mindən artıq fərari oldu. 44 gün ərzində onlar kim olduqlarını bütün dünyaya açıq şəkildə göstərdilər. Bir daha bildirdilər ki, kişilik, mərdlik, mübarizə aparmaq keyfiyyətləri onlarda yoxdur. Onlar həmişə hiylə, yalan və sürüşkənlik üzərində öz siyasətlərini qurmuşlar. Bu siyasətin isə heç vaxt gələcəyi olmur. Bu cür addımlar heç vaxt dünya birliyi tərəfindən təqdir olunmur. Digər tərəfdən, tənqid obyektinə çevrilir".
Siyasi şərhçi Nikol Paşinyanın bu məsələyə reaksiyasından da danışıb:
"Nikol Paşinyanın reaksiyası isə düzgün reaksiyadır. Biz nə deyəriksə, deyək, Nikol Paşinyan az-çox praqmatizm və rasional düşüncə ilə seçilən siyasətçidir. Mən bunu tam məsuliyyətimlə deyirəm. O, başa düşür ki, ölkəsinin həyatı “adamyeyən” həyatdır. Ermənistanda Azərbaycanla barışıq olmasının tərəfdarı olanlar da var ki, onlar aradan götürürürlər. Onlar görür ki, ölkənin getdiyi yol düzgün yol deyil. Sağlam düşüncəsi olan insanlar bu siyasətə heç vaxt “hə” deməzlər. Ona görə də son vaxtlar bəzi Ermənilər açıq-aşkar bildirirlər ki, bu siyasət Erməni xalqını uçuruma aparır. Bu “Uçurum siyasəti”nin də daşıyıcıları, bu siyasəti davam etdirənlər həmin o bayraq yandıranlar və onların arxasında dayanan qondarma siyasətçilərdir".
Günel Verdiyeva