Danışıqlar uğursuz olsa, İsrail hücumları artıracaq

Tarix: 17:54 25.04.2025
Son günlərdə regionda baş verən proseslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Gözləntilər artmaqda davam etsə də, proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələ də müəmmalıdır.
Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, qəza bölgəsində vəziyyət hələ də əvvəlki kimi qalır və bu da onun təhlükəli olmağa davam etdiyini göstərir. Bununla yanaşı, İsrail və HƏMAS arasında döyüşlərin dayandırılması istiqamətində təsirli addımların atılmasında maraqlı olan tərəflər də müşahidə olunmaqdadır:
"Bildiyimiz kimi, Qətər və Misir İsrail-HƏMAS münaqişəsində vasitəçilik missiyasını həyata keçirmək niyyətindədir. Lakin bu vasitəçiliyin nə dərəcədə uğurlu olub-olmayacağını zaman göstərəcək. Ümumilikdə isə müşahidələr və ictimai rəy onu göstərir ki, bölgədə vəziyyət olduqca ağırdır. Dinc insanlar davamlı olaraq həyatlarını itirirlər və humanitar missiyaların həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması vacib sayılır. Hazırda müzakirə olunan təklifə əsasən, Qətər və Misirin vasitəçiliyi ilə tərəflər arasında 5-7 il müddətinə sülh razılaşmasının əldə olunması, atəşkəsin təmin olunması, israilli girovların azad edilməsi, eyni zamanda İsrail həbsxanalarında saxlanılan fələstinlilərin də azadlığa buraxılması nəzərdə tutulur. Növbəti mərhələdə isə Qəzza bölgəsindən İsrail qoşunlarının çıxması təklif olunur. Bu, mövcud təşəbbüslərdən biridir".
Politoloq həmçinin vurğulayıb ki, qeyd olunan istiqamətlərdə konkret addımların atılıb-atılmayacağı ilə bağlı hələ də birmənalı və nikbin fikirlər mövcud deyil:
"Mübahisəli məsələlərdən biri də ondan ibarətdir ki, HƏMAS Qəzza bölgəsində nəzarəti istənilən fələstin təşkilatına verməyə hazır olduğunu bildirir, xüsusilə də Fələstin Administrasiyasının adını çəkir. Xatırlatmaq istərdim ki, İsrailin baş naziri Benyamin Netanyahu isə belə bir ssenarinin baş verməsinə yol verməyəcəklərini bəyan etmişdir. Bütün bunlar bir tərəfdən bölgədə vəziyyətin nə qədər ağır olduğunu göstərsə də, digər tərəfdən müəyyən ümidlərin mövcudluğunu da nümayiş etdirir. Düşünürəm ki, tərəflər arasında razılığın əldə olunması çoxsaylı dinç insanların həyatını xilas edə bilər. Əgər 5-7 illik bir sülh razılaşması reallaşarsa, bu, regionda növbəti mərhələlər üçün real şəraitin yaranmasına zəmin yarada bilər. Ümumilikdə isə tərəflər arasında danışıqlar imkanının olması müsbət haldır. Bu baxımdan düşünürəm ki, siyasi iradə olarsa, mövcud təkliflər və təşəbbüslər əsasında tərəflər arasında ən azından müzakirə mühitinin yaradılması mümkündür. Qarşılıqlı olaraq girovların və həbsdə olan şəxslərin azad olunması məsələsi də növbəti danışıqlar çərçivəsində həll edilə bilər".
Güllər Gülhüseynova