Sentyabrdan məktəblərdə kağız jurnallar tamamilə ləğv edilə bilər

Bölmə: Sosial › ,
Tarix: 21:53 25.04.2025

Sentyabrdan etibarən məktəblərdə kağız jurnallardan istifadə dayandırıla bilər.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə Nəzarət və Monitorinq Sektorunun müdiri Fidan Nəcəfova bildirib.

 

Rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır.

Rəqəmsallaşma kağız jurnalların ləğvinə gətirib çıxaracaq. Hazırda 426 təhsil müəssisəsində elektron jurnal tətbiq edilir. Əgər “Rəqəmsal Məktəb” platforması pilot dövrünü uğurla başa çatdırarsa, planlaşdırılır ki, sentyabrdan kağız jurnallar tamamilə ləğv olunsun”, – deyə o bildirib.

 

Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, bu sistem təhsildə şəffaflığın və nəzarətin artırılmasına xidmət edir:

 

"Rəqəmsal jurnal sisteminə keçid təhsil sahəsindəki ənənəvi qiymətləndirmə metodlarını necə dəyişdirəcək?

Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin etmək məqsədilə “Rəqəmsal Məktəb” adlı milli onlayn pilot təhsil platforması fəaliyyət göstərir. Bu platforma rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq üçün geniş imkanlar təqdim edir.

 

“Rəqəmsal Məktəb” şagird, valideyn, müəllim və məktəb rəhbərliyi üçün tədris resurslarının səmərəli idarə olunmasını və prosesin müasir texnologiyalarla tənzimlənməsini təmin edir.

 

Rəqəmsallaşma prosesi nəticəsində ənənəvi kağız jurnallar mərhələli şəkildə ləğv olunur və onların yerini elektron jurnallar tutur. Bu sistem təhsildə şəffaflığın və nəzarətin artırılmasına xidmət edir. Elektron jurnala keçid həyata keçirilsə də, qiymətləndirmə metodları hələlik əvvəlki formada saxlanılır.

 

Əsas diqqət informasiya bazasının rəqəmsallaşdırılmasına və təhsil mühitinin innovativ əsaslarla təkmilləşdirilməsinə yönəldilib.

 

Elektron jurnallar şagirdin inkişafını nə dərəcədə obyektiv göstərə bilir?

Elektron jurnalların tətbiqi təhsildə şəffaflığın artırılmasına xidmət edir. “Rəqəmsal Məktəb” platformasında “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur.

Bu isə hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Platformadan istifadə etmək üçün şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və ya www.digital.edu.az keçidləri vasitəsilə fərdi kabinetlərinə daxil ola biləcəklər".

 

 

Müsahibimizin sözlərinə görə, “Şagird” fərdi kabineti onlara təhsil prosesində daha səmərəli iştirak etmək imkanı yaradır. Burada hər bir şagird üçün məlumat və resurslar təqdim olunur. Aşağıda qeyd edilən funksiyalar şagirdin inkişafına obyektiv təsir göstərəcək:

 

 

"Günün dərsi – şagirdlər hər gün üçün müəyyən olunmuş fənləri, mövzuları və tədris materiallarını öz fərdi kabinetlərindən izləyə biləcəklər, gündəlik dərs cədvəli – şagirdin gündəlik fəaliyyətlərinə dair dərs cədvəli əlçatan olacaq, dərsliklərə çıxış – bütün fənlərə aid dərsliklərə rəqəmsal şəkildə çıxış imkanı yaradılacaq, videodərslər – mövzuların daha əhatəli və vizual öyrənilməsi üçün videodərslər təqdim olunacaq, mövzu izahları – hər bir mövzunun izahı şagirdlərin dərs materialını daha yaxşı mənimsəməsinə kömək edəcək, ev tapşırıqları və izahları – tapşırıqlarla yanaşı, onların izahı da şagirdlərə təqdim olunacaq ki, bu da tədris prosesini asanlaşdıracaq, testlər və qiymətləndirmə vasitələri – şagirdlərin biliklərinin yoxlanılması və mövzuların mənimsənilməsini gücləndirmək üçün interaktiv testlər tətbiq ediləcək. 

 

Texnoloji qeyri-bərabərlik təhsildə sistemli ayrı-seçkiliyə yol aça bilərmi?

 

İlkin mərhələdə “Rəqəmsal Məktəb” platforması Bakı şəhərindəki ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilib. Platformanın məqsədi müasir texnologiyaların tətbiqi ilə tədris və idarəetmə proseslərini təkmilləşdirmək və təhsildə şəffaflığı artırmaqdır.

 

Elektron jurnal platformasına birbaşa çıxış vasitəsilə hər müəllimə e-jurnal sisteminə daxil olmaq imkanı yaradılıb. Müəllimlər öz gündəlik, həftəlik və aylıq dərs cədvəllərini, sinif otaqlarını və fənn bölgüsünü rahat şəkildə izləyə bilirlər.

 

Həmçinin, müəllimlər dərs apardıqları siniflərə və qiymətləndirmə bölmələrinə keçid edərək dərs planlamasını və vaxt idarəsini daha effektiv şəkildə həyata keçirə bilirlər. Bu imkan, müəllimlərə şagirdlərin nəticələrini izləmək və qiymətləndirmə prosesini daha şəffaf şəkildə aparmaq üçün əlverişli şərait yaradır.

 

Hazırda demək olar ki, əksər ailələrdə internetə çıxış imkanı mövcuddur. Bu da imkan verir ki, şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri istənilən cihazdan qeyd olunan keçidlər vasitəsilə fərdi kabinetlərinə daxil ola bilsinlər. Beləliklə, texnoloji qeyri-bərabərlik səviyyəsi minimuma endirilmiş olur".

 

Aytən Ağazadə