Tramp bu həftə sülh razılaşması gözləyir

Tarix: 17:10 22.04.2025
Tramp: “Bu həftə Rusiya və Ukrayna arasında Ukraynadakı münaqişəyə son qoyacaq razılaşmanın əldə olunacağına ümid edirəm.”
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, burada Amerikanın maraqları ön plandadır.
Tramp bu açıqlamanı hansı əsasla verib?
Politoloq bildirib ki, Tramp belə bir açıqlama verir, çünki tərəflər arasında müəyyən razılaşmaya yaxınlaşma müşahidə olunur:
"Lakin Trampın prezidentlik dövründən bəri keçirilən görüşlərdə əldə olunan razılaşmaların icrası, təcrübə göstərir ki, hələlik baş tutmayıb. Nə Rusiya, nə də Ukrayna Trampın istəkləri çərçivəsində razılığa gələ bilmir. Təbii ki, Tramp sülh prosesinə yalnız Rusiya və Ukrayna maraqları prizmasından baxmır. Burada Amerikanın öz maraqları var. Mən düşünmürəm ki, Rusiya Trampın dediyi şərtlərlə razılaşacaq və yekun nəticə əldə olunacaq. Hazırkı vəziyyətdə bu, inandırıcı görünmür. Əlbəttə, hadisələrin gedişatı prosesin istiqamətini dəyişə bilər. Cəbhədə üstünlük əldə edən tərəf də bu prosesə təsir edəcək. Tramp bu fikirləri aparılan diplomatik danışıqların – istər Səudiyyə Ərəbistanında, istər Ankarada – nəticəsinə əsaslanaraq söyləyir. Lakin diplomatik təşəbbüslər də hər şeyi həll etmir”, – deyə Samir Hümbətov qeyd edib.
Sülh olarsa, bu müharibədən ən çox qazanan tərəf kim olacaq?
Politoloq bildirib ki, əgər müharibə davam edərsə, burada qazanan nə Rusiya, nə də Ukrayna olacaq:
“Münaqişənin davam etməsində maraqlı olan və prosesin uzanmasından gəlir əldə edən qüvvələr əsas qazanan tərəfdir. Onsuz da həm Ukrayna, həm də Rusiya insan potensialını, maddi-texniki imkanlarını və maliyyə resurslarını itirib. Burada qazananlar müharibənin gedişindən və nəticələrindən gəlir əldə edən tərəflərdir, nə Rusiya, nə də Ukrayna".
Səyyarə Mirzəyeva