Amerikalıların 55 faizi Trampın prezidentlikdəki ilk 100 günündən narazıdır

Bölmə: Dünya › ,
Tarix: 20:40 28.04.2025

 

ABŞ-də aparılan bir sorğunun nəticələrinə görə, iştirakçıların 55 faizi Prezident Donald Trampın ilk 100 gündəki fəaliyyətindən narazıdır.

NBC News tərəfindən keçirilən sorğuda, prezidentlikdə ilk 100 gününü tamamlamağa hazırlaşan Trampın bu müddətdəki fəaliyyəti qiymətləndirilib.

 

19 min 682 nəfərin qatıldığı sorğunun nəticələrinə əsasən, iştirakçıların 55 faizi Trampın prezidentlikdəki ilk 100 günündən narazı qaldığını, 45 faizi isə razı olduğunu bildirib.

Son dövrlərin müzakirəli mövzusu olan tariflər məsələsində isə iştirakçıların 61 faizi Trampın bu sahədəki siyasətindən narazı olduğunu, 39 faizi isə razı qaldığını deyib.

 

Trampın miqrasiya siyasəti ilə bağlı suala gəlincə, iştirakçıların 51 faizi narazılıq ifadə edib, 49 faizi isə razılığını bildirib.

“ABŞ yanlış yoldadır”

ABŞ-nin “düzgün yolda” olub-olmaması ilə bağlı suala cavab verən iştirakçıların 60 faizi ölkənin “yanlış yolda” olduğunu bildirib.

Həmçinin, hər 10 iştirakçıdan 6-sı İsrailin Qəzzaya hücumlarını etirazla qarşılayan şəxslərin vizalarının ləğv edilərək ölkədən çıxarılmasına qarşı çıxıb.

 

TRT XƏBƏR

Günel Verdiyeva