Hindistan baş naziri Moskvaya getməkdən imtina edib

Tarix: 20:48 30.04.2025
Hindistanın baş naziri Narendra Modi mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Hindistan tədbirlərdə fərqli səviyyədə təmsil olunacaq.
Qeyd edək ki, Cammu və Kəşmir bölgəsində turistlərə atəş açılmasından sonra Pakistan və Hindistan arasında gərginlik baş verib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Hindistan-Pakistan gərginliyi Hindistanın baş nazirinin ölkəni tərk etməsinə imkan vermir:
“Hindistan və Pakistan arasında baş vermiş gərginlik və müharibə vəziyyəti, təbii ki, Hindistan baş nazirinin belə bir ərəfədə ölkəni tərk etməsinə imkan vermir. Digər tərəfdən isə hazırda İngiltərə və Çin Pakistanın yanında, ABŞ isə Hindistanın tərəfindədir. ABŞ ilə Rusiyanın da rəqib güclər olduğunu Hindistan anlayır və özünə dəstək verən ABŞ-ın təqibi ilə münasibətlərində hələlik məsafəli davranır. Şübhəsiz ki, Hindistan və Pakistan arasında müharibə baş verərsə Rusiyanın aktiv iştirakı və ya münaqişədə fəal tərəf olması ehtimalı azdır. Çünki Rusiya hələ Qərbin onu düçar etdiyi Ukrayna bataqlığından çıxa bilmir.
Əgər Pakistan və Hindistan arasında real müharibə davamlı olarsa, Türkiyənin Pakistana bütün yönlərdə dəstəyi baş verəcək və Rusiya ilə əsasən son dövrlərdə sıxlaşan münasibətləri zəminində Rusiya Türkiyə faktoruna görə Hindistana həlledici dəstək verməyəcək. Hər halda Hindistan bunu da anlayır və Rusiya ilə əlaqələrdən daha çox ABŞ-a üstünlük verir. Çünki bu münaqişənin müharibəyə çevrilməsi layihəsi Qərb dövlətləri ilə ABŞ-nin Yaxın Şərq planının tərkib hissəsidir. İranın bölgədəki proksi qüvvələrini sıradan çıxarırlar. Hizbullah zəiflədildi, lideri öldürüldü, İraqdakı Həşd Şabi İraq hərbi qüvvələrinə tabe edildi. Yəməndəki Husilərin də danışıqlar sayəsində İrana bağlılığı qırılmaq üzrədir. Burada İsrailin ABŞ liderinə təsiri böyükdür. Sırada isə Fələstin məsələsində İsrail və ABŞ-nin planlarına ciddi dirəniş göstərən Türkiyədir. Ona görə Türkiyəyə qarşı daxildə müxalif qüvvələri aktivləşdirməklə, Türk birliyi dövlətlərinə Avropa İttifaqının əli ilə qrant ayıraraq Kipr məsələsində Türkiyədən qoparmağa çalışmaqla təkləmə siyasəti aparılır. Eyni zamanda Türkiyənin ən güclü müttəfiqi, nüvə dövləti olan Pakistanı müharibəyə cəlb etməklə hamını qatmaq istəyirlər. Bütün bu oyunlar Türkiyənin başındadır. Artıq böyük və önəmli gücə çevrilib. Rusiya lideri belə bunu etiraf edir”.
Politoloq qeyd edib ki, səfərdən imtinanın fərqli səbəbləri ola bilər:
“Rusiyaya səfərdən imtina etmək müxtəlif səbəblərə bağlı ola bilər. Rusiyanın da aqressiv və qarşılıqlı maraqlara dayanmayan, imperiya təfəkküründən doğan siyasi addımları var.
Ancaq gedişat dəyişərsə, müharibə reallaşarsa Rusiyanın Pakistana dəstək verməsi daha real görünür, nəinki ABŞ-nin dəstəklədiyi Hindistana. Türkiyə amili Rusiya üçün böyük önəm kəsb edir. Dünyada baş verən bütün bu son münaqişələr İsrailin Fələstini tam əldə etməsi üçündür. Bu olana mane ola biləcək Ərəb dövlətlərinin çoxu ram edilib. İrana bağlı qüvvələr sıradan çıxarılır. Türkiyəyə dəfələrlə Ərdoğan hakimiyyətinə qarşı təxribatlar, üsyanlar təşkil edilib. Hazırda da Pakistan ehtimalını minimuma endirmək istəyirlər ki, son və həlledici gedişə mane olacaq heç bir güc təsiretmə qabiliyyətində olmasın. Hindistan və Pakistan arasında hazırkı münaqişəyə səbəb olan məsələ süni yaradılmış problemdir. Terrorçu adlandırılan qruplaşmalar əvvəlcədən məhz indiki vəziyyətə şərait yaratmaq üçün hazırlanmışdır. Əgər İsrail Fələstində istədiyinə nail ola bilsə Pakistan-Hindistan arasında böyük müharibə olmayacaq. Yox, nail ola bilməsə, həlledici müharibə ilə böyük planları reallaşdırmaq qənaətinə gəlsə, bu müharibəyə start veriləcək. Hindistanın “düymə”si ABŞ-nin, Pakistanın “düymə”si də Britaniyanın əlindədir. İstənilən an düyməyə basıla bilər.
İsrail baş nazirinin ölkəmizə səfəri, sonra Türkiyə prezidentinin səfərinin nəticəsində vasitəçilik sayəsində anlaşma ehtimalları böyükdür. Azərbaycanın burada böyük rolu var. Demək olar ki, dünya siyasətinin məcrasının hansı istiqamətdə dəyişə biləcəyi müstəvisində Azərbaycanın vasitəçiliyinin zəruriliyi və həlledici yeri faktdır.
Ümid etmək olar ki, bu səfərlər və görüşlər başa çatdıqdan sonra gəlinən nəticə Pakistan və Hindistan arasındakı məsələnin taleyini həll edəcək”.
Lalə Qurbanlı