Valideyn yönləndirməsi və azad seçim: psixoloji yanaşma

Tarix: 21:30 29.04.2025
Müasir dövrdə ailə və cəmiyyət arasındakı qarşılıqlı münasibətlər uşaqların formalaşmasına müxtəlif istiqamətlərdən təsir göstərir. Bu prosesdə fərdi yanaşmalar, sosial gözləntilər və emosional amillər mühüm rol oynayır.
Məsələ ilə bağlı psixoloq Sevinc Həbibova "İnformator.az"a açıqlamasında bildirib ki, burada həm mənfi, həm də müsbət təsirlər ola bilər:
"Sosial cəmiyyətdə qəbul olunmaq, bəzən ailənin dəstəyi və sosial gözləntilər istiqamətində formalaşır. Belə hallarda uşaq daha çox motivasiya hiss edə bilər. Məsələn, ailəsi onun həkim olmasını dəstəkləyən bir uşaq bu sahədə daha güclü motivasiya və təşviq hiss edə bilər. Ailənin və sosial çevrənin güclü olması uşağa təsir göstərir, ona təlim və digər resurslara çıxış imkanı yaradır. Beləliklə, uşaq həm cəmiyyətdə, həm də ailəsinin seçdiyi yolla gedərək özünü daha güvənli və qəbul olunmuş hiss edir.Digər tərəfdən, mənfi təsirlər də mümkündür. Ailə münasibətlərinin pozulması və münaqişələr motivasiyanın azalmasına, emosional problemlərin yaranmasına səbəb ola bilər. Uşağın özünü ifadə etmə azadlığı məhdudlaşa bilər, seçim azadlığı itə bilər və nəticədə kimlik böhranı baş verə bilər. Uşaq öz istəkləri ilə ailəsinin gözləntiləri arasında qalır və bu da onda daxili böhran yaradır. Çünki uşaq düşünür ki, ailə onun həyatında böyük rol oynayır. Təbii ki, cəmiyyətin də təsiri olur, amma uşaq bu vəziyyəti birbaşa yaşayır və nəticədə emosional gərginlik yaranır ".
Psixoloq həmçinin bunu da bildirib ki, uşaqlar bəzən öz seçimlərini etməyə azad buraxılmalıdır:
"Valideynlərə tövsiyə edərdim ki, övladlarını dinləsinlər, onlara maraq göstərsinlər, məsləhətlər versinlər və onlarla səmimi ünsiyyət qursunlar. Uşaqların maraq dairəsini öyrənsinlər və onlarla açıq havada vaxt keçirsinlər. Uşaqlar bəzən öz seçimlərini etməyə azad buraxılmalıdır. Çünki biz görürük ki, bəzi uşaqlar ailədə öz fikrini ifadə edə bilmir, lakin cəmiyyətdə özünü daha rahat hiss edir. Digər hallarda isə uşaq ailəsində rahatdır, ailəsinin dediyi ilə gedir, amma cəmiyyət onu tam istədiyi kimi qəbul etmir.Buna görə də, mən deyərdim ki, ailə ilə cəmiyyətin bu məsələyə yanaşması balanslı olmalıdır. Uşaqların azad fikirli yetişməsi onları rahat həyata yönəldir. Ümumiyyətlə, azad şəkildə yetişdirilən insanlar həyatda daha çox nailiyyət qazanırlar. Çünki onlara seçim azadlığı verilib.Bu da o demək deyil ki, uşaqlar tam nəzarətsiz qalmalıdırlar — hər şey müəyyən çərçivə daxilində olmalıdır. Mən həmişə deyirəm ki, valideynlər övladları ilə ünsiyyət qursunlar, onlara qismən sərbəstlik və azadlıq versinlər. Beləliklə, ailədə birgə atılan kiçik addımlar, gələcəkdə övladları üçün böyük zirvələrin fəthinə yol açar".
Güllər Gülhüseynova