Bakıda Qlobal Cənub ölkələrinin QHT-ləri arasında həmrəylik və əməkdaşlıq konfransı keçirilir

Tarix: 12:19 29.04.2025
Bakı Konqres Mərkəzində “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfrans keçirilir. Dünyanın müxtəlif regionlarını təmsil edən 116 ölkədən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsinin qatıldığı bu tədbir, qlobal miqyasda vətəndaş cəmiyyətlərinin səsini bir araya gətirməklə beynəlxalq əməkdaşlığa yeni nəfəs verir.
Konfransın əsas məqsədi Qlobal Cənub ölkələrinin QHT-ləri arasında şəbəkələşmənin gücləndirilməsi, ortaq problemlərə qarşı birgə fəaliyyət imkanlarının artırılması və ədalətli, inklüziv dünya nizamının qurulmasında QHT-lərin rolunun ön plana çəkilməsidir. Tədbirdə iştirakçılar iqlim dəyişikliyi, yoxsulluğun azaldılması, insan hüquqları və davamlı inkişaf kimi qlobal çağırışlar ətrafında dəyərli fikir mübadilələri aparırlar.
Konfrans çərçivəsində təşkil olunan panel müzakirələri və təqdimatlar, praktiki əməkdaşlıq formatlarının qurulmasına, eyni zamanda regional və beynəlxalq QHT-lər arasında dayanıqlı tərəfdaşlıqların inkişafına zəmin yaradır.
“Gələcəyə Baxış Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova tədbirin beynəlxalq vətəndaş cəmiyyəti platformalarının formalaşmasında müstəsna rol oynadığını qeyd edərək bildirib:
“Azərbaycanın belə mötəbər konfransa ev sahibliyi etməsi həm ölkəmizin beynəlxalq imicinə, həm də Qlobal Cənub ölkələrinin birgə səsinin eşidilməsinə böyük töhfə verir. Biz bu platformanı yalnız fikir mübadiləsi kimi deyil, həm də real əməkdaşlıq təşəbbüslərinin doğulduğu mühüm bir fürsət kimi dəyərləndiririk.”
Tədbir iştirakçıları həmrəyliyin gücləndirilməsini və qlobal ədalətə doğru atılmış bu addımı müasir dünyanın qarşısında duran problemlərin həlli yolunda vacib bir addım kimi qiymətləndirirlər.