Dəkkə Azərbaycanın Banqladeşdə diplomatik nümayəndəliyinin açılmasına ümid edir

Bölmə: Siyasət › ,
Tarix: 19:24 30.04.2025

 

Azərbaycan və Banqladeş arasında münasibətlərin inkişafı son dövrlərdə diqqət mərkəzindədir. İki ölkə arasında diplomatik əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır.

 

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Bangladeş və Azərbaycan bir çox beynəlxalq təşkilatlarda fəal iştirak edirlər. İlk növbədə qeyd etmək lazımdır ki, hər iki ölkə Müsəlman Təşkilatlar Dairəsində (MTD) təmsil olunur:

 

"Bangladeş dünya üzrə inkişaf etməkdə olan ölkələr sırasında olsa da, əhalisinin sayı (təxminən 150 milyon) və iqtisadi göstəriciləri ilə diqqət çəkir. Təbii şərait baxımından bəzi çətinliklər mövcuddur — yüksək rütubət, torpaq eroziyası və məhsuldar ərazilərin məhdudluğu kimi amillər iqtisadi fəaliyyətə təsir edir. Buna baxmayaraq, ölkənin iqtisadiyyatı kifayət qədər şaxəlidir. Xüsusilə yüngül sənaye və kənd təsərrüfatı sahələrində əhəmiyyətli irəliləyişlər mövcuddur. Azərbaycan son illərdə Qoşulmama Hərəkatına sədrliyi və bu müddət ərzində apardığı beynəlxalq təşəbbüslərlə dünya arenasında daha açıq və fəal mövqe tutmağa başlayıb. Məsafə baxımından uzaq olmasına baxmayaraq, Azərbaycanla bağlı informasiyalar bir çox ölkələrin diqqət mərkəzindədir. Azərbaycanın 46 ölkəyə göstərdiyi humanitar və texniki yardım, o cümlədən pandemiya dövründə vaksin millətçiliyinə qarşı qaldırdığı məsələ beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, belə təşəbbüslər Bangladeş kimi ölkələr üçün Azərbaycan təcrübəsinin maraq doğurmasına səbəb olur:

 

"Dünya nizamının qeyri-sabit olduğu bir dövrdə bir çox ölkələr özləri üçün etibarlı tərəfdaşlar axtarırlar. Bangladeş də bu ölkələr sırasındadır. Ölkədə ictimai-siyasi vəziyyətin zaman-zaman gərginləşməsi, son dövlət çevrilişi hadisələri və böyük güclərin - ABŞ və Böyük Britaniyanın maraqlarının toqquşması bu regionun geopolitik cəhətdən nə qədər həssas olduğunu göstərir.Azərbaycan və Bangladeş İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir. Bangladeş 1970-ci illərdə, Mucibur Rəhman rəhbərliyi ilə müstəqilliyini elan edib və çətin bir tarixi inkişaf yolu keçib. Müstəqillik uğrunda mübarizələri onların milli kimliyinin formalaşmasında mühüm rol oynayıb. Həm Azərbaycan, həm də Bangladeş bir-biri haqqında daha ətraflı məlumata sahib olmalıdırlar. Bu, əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əsas rol oynayacaq. Tərəfdaşlığın inkişafı üçün heç bir ciddi maneə yoxdur. Əksinə, zamanın çağırışlarına uyğun olaraq, hər iki ölkə üçün qarşılıqlı faydalı münasibətlər qurmaq mümkündür. Qaldı diplomatik nümayəndəliklərin açılmasına, bu, adətən iki tərəfli danışıqlar yolu ilə müəyyən edilir. Ola bilər ki, Azərbaycanın regiondakı, məsələn, Hindistandakı səfirliyinə Bangladeşlə əlaqələrin müvəqqəti təşkili üçün əlavə səlahiyyət verilsin. Eyni zamanda, Bangladeş də, məsələn, Rusiyadakı səfirliyinə Azərbaycan üzrə fəaliyyət göstərmək üçün mandat verə bilər. Bu, protokol məsələsidir və əsas qərar dövlət başçıları və Xarici İşlər Nazirliklərinin razılığı əsasında verilir".

 

Güllər Gülhüseynova