100-dən çox ölkə ABŞ ilə ticarət sazişləri imzalayacaq

Tarix: 19:31 02.05.2025
ABŞ Prezidenti Donald Tramp Hindistan, Yaponiya və Koreya Respublikası da daxil olmaqla 100-dən çox ölkənin Birləşmiş Ştatlarla ticarət razılaşmalarını müzakirə etdiyini bildirib. "Artıq yüzdən çox ölkə səhər, günorta və axşam bizə zəng edir, razılığa gəlmək ümidi ilə", - ABŞ lideri deyib. Eyni zamanda, onun sözlərinə görə, indiki mərhələdə ABŞ ilə ticarət sazişi bağlamaq istəməyən dövlətlər “30-40-50-60 faiz məbləğində rüsum ödəməli olacaqlar”. Beləliklə, Tramp deyib ki, o, mahiyyətcə "bu sövdələşmələri yaratmağa" ümid edir. "Onlar bizdən sui-istifadə etdilər. Amma indi zəng vurub deyirlər ki, zəhmət olmasa, bir sövdələşmə bağlayaq", - Tramp fikirlərini yekunlaşdırıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti həmin ölkələrlə əlaqələrin inkişafına və ABŞ-nin daha da güclənməsinə səbəb olacaq. Əlavə xərclərin azaldılması, vergilərin artırılması və ticarət əlaqələrinin genişləndirilməsi buna hesablanıb. Əsas məqsəd Çinlə rəqabət mühitində öncüllüyü ələ almaqdır. Təbii ki, ticari əlaqələr həmin ölkələrlə digər münasibətləri də sıxlaşdırır, müəyyən mənada da o ölkələrin ABŞ-dən asılılığını artırır:
"Prezident Tramp məlumdur ki, böyük biznes layihələri həyata keçirmiş tanınmış biznesmendir. Şirkətlər qrupu səviyyəsində həyata keçirdiyi layihələri indi dövlət səviyyəsində, daha böyük miqyasda, daha geniş imkanlar qazanaraq həyata keçirir. Əgər onun bu siyasəti davamlı olarsa, qısa müddətdə ABŞ-nin iqtisadiyyatının göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksələ bilər. Təbii ki, Çinin dünyadakı iqtisadi qələbəsinin qarşısında yalnız bu cür tab gətirməyi nəzərdə tutan Tramp rəqabət mühitində ölkənin ticari fəaliyyətini sürətləndirir".
Aygün Babayeva