Fermerlər aqrar sığorta sistemində hansı problemlərlə üzləşir?

Tarix: 22:12 02.05.2025
Azərbaycanda kənd təsərrüfatı məhsullarının sığortalanmasında əsas çətinliklərdən biri icra mexanizminin boşluqlarıdır. Uzun müddət kənd təsərrüfatı sahəsində sığorta xidmətləri göstərən şirkətlər olmayıb və bu sektor sığorta bazarında riskli sahə kimi qiymətləndirildiyindən, diqqətdən kənarda qalıb.
Bu məsələ ilə bağlı Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda fermerlərin əsas problemlərindən biri aqrar sığorta mexanizminə tam bələd olmamaları və müqavilə şərtlərini diqqətlə oxumamalarıdır:
"Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı uzun illər müzakirələr aparılsa da, bu istiqamətdə praktiki nəticələrə nail olunması uzun müddət mümkün olmayıb. 2002-ci ildə bu sahəyə dair qanun qəbul edilsə də, tətbiq mexanizmi səmərəli deyildi. Qanuna əsasən, fermer öz təşəbbüsü ilə sığorta şirkəti tapmalı və həmin şirkətlə müqavilə bağlamalı idi. Daha sonra isə dövlət sığorta haqqının 50 faizini ödəməli idi. Lakin sığorta şirkətləri bu sahəni yüksək riskli hesab etdiklərindən, kifayət qədər vəsait və ekspert resurslarına malik olmadıqları üçün kənd təsərrüfatı sahəsində sığorta xidmətləri təqdim etmirdilər. Fermerlər bu səbəbdən ya ümumiyyətlə sığorta olunmur, ya da onlara elə yüksək tariflər təqdim olunurdu ki, bu, onların imkanlarını aşırdı.
Beləliklə, hər il dövlət tərəfindən sığorta haqları üçün ayrılan vəsait istifadə olunmadan geri qaytarılırdı. Bu vəziyyət 2016-cı ilə qədər davam etdi. Həmin il iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair yol xəritələri təsdiq olundu. Kənd təsərrüfatının inkişafı ilə bağlı yol xəritəsində aqrar sığorta mexanizminin yaradılması nəzərdə tutuldu.
Bu məqsədlə Azərbaycan bu sahədə uğurlu təcrübəyə malik olan Türkiyənin TARSİM sistemini öyrənməyə başladı. Nəticədə, 2019-cu ildə Milli Məclis “Aqrar sığorta haqqında” qanun qəbul etdi. Həmin qanunun tətbiqi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı ilə Aqrar Sığorta Fondu təsis edildi. 2019-cu il 19 avqust tarixli fərmana əsasən fondun fəaliyyət istiqamətləri müəyyənləşdirildi və 2020-ci il noyabrın 3-də fond ilk sığorta müqaviləsini imzaladı. Müqavilə Tərtər rayonunun Bəyimsarov kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı ilə bağlandı.
Hazırda fermerlərin əsas problemlərindən biri aqrar sığorta mexanizminə tam bələd olmamaları və müqavilə şərtlərini diqqətlə oxumamalarıdır. Bununla belə, ekspertlər fermerlərin aqrar sığortaya marağının az olduğunu düşünmürlər. Əksinə, statistik göstəricilər sığortalanma sahəsində bütün istiqamətlər üzrə artım olduğunu göstərir".
Xədicə Məhərrəmli