Blok imtahanının birinci cəhdinə qeydiyyat başa çatıb

Tarix: 22:53 02.05.2025
Blok imtahanı üçün ilkin qeydiyyat başa çatıb. Hər kəsə qeydiyyatla bağlı ilkin təəssüratlar, keçən ilki sayla bu ilki say arasında fərq maraqlıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, məlum olduğu kimi, blok imtahanının birinci cəhdinə artıq ərizə qəbulu başa çatıb:
"Statistikaya baxanda, əvvəlki illərlə müqayisədə rəqəmlərdə xeyli artım görürük və təbii ki, bu artım müəyyən plan yerinə uyğun olaraq keçən ildən 65 mindən 75 minə qaldırılıb. 75 minə qədər abituriyentin ali məktəblərə qəbulu gözlənilir. Yəni ondan artıq plan yeri mövcud deyil.
Ümumiyyətlə, düşünürəm ki, bu il bir çox ixtisaslarda müsabiqə rəqabətli olacaq. Balların artmasını müşahidə edəcəyik. Bununla yanaşı, prestiji zəif olan və əmək bazarında tələbat görməyən ixtisasların ballarında enməyi də müşahidə edəcəyik. Ümumilikdə bu il də olduqca rəqabətli bir il olacaq.
Əslində, rəqabətin yüksək olması blok imtahanlarının nəticələri açıqlanandan sonra ümumi statistikada görünəcək. Nəzarətin nə qədər yüksək olduğunu ballara uyğun olaraq biz artıq konkret rəy verə biləcəyik: burada balların qalxma və ya enmə ehtimalı nə qədər olacaq.
Ümumilikdə birinci ixtisas qrupunda kompüter ixtisasları, eləcə də kimya mühəndisliyi ixtisasları; ikinci qrupda maliyyə yönümlü ixtisaslar; üçüncü qrupda hüquq, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər; dördüncü qrupda tibbi yönümlü ixtisaslar; beşinci qrupda isə idman yönümlü ixtisaslarda balların artması müşahidə edilə bilər".
Nigar Həsənzadə