Peyvəndlər insan orqanizminə necə təsir göstərir?

Tarix: 23:02 02.05.2025
Peyvəndlər təkcə fərdi sağlamlığın deyil, cəmiyyətin ümumi rifahının qorunmasında mühüm rol oynayır. Onlar yoluxucu xəstəliklərin qarşısını almaqla yanaşı, pandemiyaların yayılmasını da əngəlləyir.
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, peyvəndlər çox vacibdir:
“Peyvəndlər vasitəsilə təhlükəli xəstəliklərin qarşısı alınır. Bəzi yoluxucu xəstəliklər var ki, bundan minlərlə insan ölürdü. Peyvəndlər kəşf olunduqdan, istifadəyə verildikdən sonra xeyli insanın həyatı qurtuldu. Ölənlərin sayı sürətlə azaldı. Bu xəstəliklərə difteriyanı, təbii çiçəyi, tetanusu, qızılcanı misal göstərmək olar. Difteriya çox təhlükəli, toksik bir xəstəlikdir.
Bir neçə il öncə kifayət qədər peyvəndləmə olunmadığına görə qızılca xəstəliyinin alovlandığı müşahidə olundu. Bu və bu kimi xəstəliklərin qarşısının alınmasında peyvəndlərin rolu çoxdur. Peyvəndlər olmasa cəmiyyət xəstəliklərdən daha çox əziyyət çəkər. Təbii çiçək xəstəliyi olduqca təhlükəli bir xəstəlikdir. Bunun qarşısı peyvənd vasitəsilə alındı və artıq bu xəstəliyin kökü kəsilib. Quduzluq xəstəliyi çox təhlükəli xəstəlikdir və bunun müalicəsi yoxdur. Amma təmasdan sonra peyvənd vasitəsilə bu xəstəliyin qarşısını almaq, insanın həyatını qurtarmaq mümkün olur".
İnfeksionistin sözlərinə görə, peyvəndlərin təsir mexanizmi belədir ki, onlar orqanizmdə nisbi xəstəlik halı yaradır:
"Orqanizmdə bu xəstəliyə qarşı immunitet yaranır və daha sonra xəstəliyə yoluxma baş verir. Bu peyvəndlər bir neçə tip olur. Əsas forma virusun çox zəiflədilən forması hazırlanır və bunlar insan orqanizminə yeridilir, bundan sonra immunitet formalaşır. Çünki vaksinin tərkibində orqanizmə yeridilən viruslar dozası azaldılır. Nəticədə xəstəlik yaratmır, amma immuniteti formalaşdırır. Bəzi peyvəndlər daha müasir formadıdır. Onlar virusun özünün yox onun müəyyən komponentini, orqanizmdə antitelin yaranmasına səbəb olur. Covid-19 pandemiyasında Avropa istehsalı olan Pfizer peyvəndini misal göstərmək olar. Xüsusi kodlaşdırılan protein orqanizmə yeridilirdi və antitel sintez edirdi. Vaksinin vurulması bir neçə formada olur. Birinci növbədə uşaqların rutin vaksinidir. Anadan olandan 5 yaşına qədər vurulan vaksinlərdir. Xəstəliklərin qarşısının alınmasında olduqca vacibdir. Cəmiyyətin böyük hissəsi vaksin olunduqda artıq xəstəliklərə rast gəlmirik. Vaksinlər xəstəliyin qarşısını alır.
İnsanlarda müəyyən şeylərə qarşı aqressiya formalaşıb. Deyə bilərik ki, cəmiyyət iki yerə bölünüb. Onlardan bir çoxu həkimlərin, alimlərin dedikləri ilə razılaşsa da, bəzən bununla razılaşmayanlar da olur. Həmin məsələyə qarşı əks arqument yürütməyə başlayırlar. Bu da indiki cəmiyyətimizdə sosial şəbəkələrin və informasiyanın sürətlə yayılması ilə əlaqədardır. Əks arqument verən şəxslərin fikirləri də bəzi şəxslər vasitəsilə dəstəklənir. Bütün dünyada belə hal var”.
Əminə Əliyeva